Beynəlxalq Muğam Mərkəzində Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş "Muğam dünyasının Xanı" adlı kitabın təqdimatı və musiqili gecə keçirilib. “Təhsil” nəşriyyatında çap olunan kitabın müəllifi yazıçı-publisist Mustafa Çəmənlidir.
Bu barədə AZƏRTAC-ın yaydığı məlumata görə, tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bildirib ki, bu gün Beynəlxalq Muğam Mərkəzində əsl bayram əhvali-ruhiyyəsi yaşanır. Çünki biz Xan Şuşinskinin işığına toplaşmışıq. O, Azərbaycan muğamının əsas sütunlarındandır. Xan Şuşinski haqqında çox kitablar, məqalələr yazılıb, filmlər çəkilib. "Muğam dünyasının Xanı" kitabı isə həm müəllifin, həm də muğamsevərlərin həyatında xüsusi əhəmiyyət kəs edir. Tədbirdə kitab haqqında görkəmli muğam biliciləri özü fikirlərini bölüşəcəklər.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, Mustafa Çəmənlinin fədakar əməyi yüksək qiymətləndirilməlidir, çünki müəllifin bədii əsərləri, hekayə, povest, xüsusilə də Qarabağın tarixi ilə bağlı yazıları, milli musiqiyə xidmət göstərmiş insanların taleyi, həyatı barədə araşdırmaları hər zaman ehtiramla qarşılanıb. Pandemiya səbəbindən təqdimatı gecikən "Muğam dünyasının Xanı" kitabı da onun zəhmətinin növbəti bir məhsuludur.
Natiq kitabı vacib, yerində, məqamında yazılan bir əsər kimi qiymətləndirib.
Xan Şuşinskinin Azərbaycan musiqi sənətinin bir simvolu olduğunu söyləyən Rəşad Məcid deyib: “Xan Şuşinski böyük Səməd Vurğun, hətta dil açan körpələrin əzbərlədiyi “Azərbaycan” şeirini ruhumuza, qanımıza elə hopdurub ki, “Havalansın Xanın səsi, Qarabağın şikəstəsi” misraları hər birimizin yaddaşında gözəl bir avazla səslənir”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı ölməz sənətkarın səsini ruhumuzun qidası adlandırıb: “O səsi Tanrı kainatın, həyatın, insanların ruhuna sirayət etmək üçün yaratmışdır. O səs ölməzdir və əbədiyaşardır. Bu ölməz və əbədiyaşar səsin sehrinə düşən neçə-neçə insanlar var ki, onlar məhz o səsdən yaranan gözəl ədəbiyyat nümunələri ərsəyə gətiriblər. Bu gün o səsin sədası ilə gözəl ədəbiyyat nümunəsi yaradan Mustafa Çəmənlinin əsərinin təqdimatına toplaşmışıq. Biz müəllifə təşəkkür edirik ki, ölməz səsi ədəbiyyətləşdirib”.
Əməkdar artist Azad Şükürov bildirib ki, Xan Şuşinskinin səsi, sənəti, ifası mədəniyyət xadimləri üçün böyük bir məktəbdir: “Yadımdadır, uşaq vaxtı Ağdamın Muğanlı kəndində olarkən radioda hər bazar günləri Xan Şuşinskiyə qulaq asardıq. Xan Şuşinski oxuyanda hamı susurdu, elə bil ağaclar da hiss edirdi ki, Xan əmi oxuyur. Xan əmiyə qulaq asanda uşaqlıq dövrüm, atalı-analı günlərim yadıma düşür. Bütün Azərbaycan Xan Şuşinskini özü kimi sevirdi. Əslində Qarabağda dağıdılmış evlərin hamısı Xan əminin dağılmış evləridir. İnanıram, Xan Şuşinskinin Şuşadakı evi, eyni zamanda, bütün Qarabağ bərpa olunandan sonra sənətkarın ruhu sevinəcək və Qarabağda yeni-yeni Xan əmilər yetişəcək”.
Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev tələbə vaxtı imtahan verərkən Xan Şuşinski ilə ilk tanışlığından və ona bəslədiyi böyük rəğbətindən bəhs edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə, Xan Şuşinskinin oğlu İsfəndiyar Cavanşirov və qızı Bəyimxanım Verdiyeva çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Kitabın yazılma prosesindən danışan yazıçı-publisist Mustafa Çəmənli bildirib ki, nəşrdə 32 nəfərin xatirəsi yer alıb. Müsahibləri ilə etdiyi söhbətləri vərəqə köçürən müəllif qeyd edib ki, onlar musiqi mədəniyyəti tarixində xüsusi yer tutduqları üçün hər bir sənətkar haqqında kitaba ensiklopedik məlumatlar əlavə edib: “Məni qüssələndirən odur ki, o 32 nəfərdən 24-dü artıq həyatdan köçüb. Nə yaxşı ki, mən vaxtilə onların hər birini danışdırıb Xan Şuşinski haqqında xatirələrini qələmə almışam”.
Sonra musiqi proqramı təqdim edilib.
Konsert Fikrət Əmirovun “Aşıqsayağı” kompozisiyası ilə başlayıb. Ardınca Xan Şuşinskinin repertuarından mahnılar ifa olunub. Tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin solistləri Əməkdar artistlər Gülüstan Əliyeva, Sevinc Sarıyeva, İlkin Əhmədov, Bəyimxanım Vəliyeva, Səbuhi İbayev, xanəndələr Nisbət Sədrayeva, Xəyalə Qafarzadə və başqaları çıxış ediblər.