Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Telli Əliyeva 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. (1971–1976).
Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlayan Telli Əliyeva daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.
12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilib.
Bədii yaradıcılığa tələbəlik illərindən başlayan Telli xanımın dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.
Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Üç dəfə Həcc ziyarətində olmuşdur.
Telli Pənahqızı Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Azərbaycan "Tərəqqi" medalı, Azərbaycan 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (23.05.2024)
Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H. B. Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür. "Ali Media" mükafatı laureatıdır.
Əsərləri "Ömrün qoşa izi", "Tanrımla söhbət", "Ayrılıqdan sonra çəkilmiş şəkillər", "Səsində ay işığı var", "Sizi sevən Sərdaram", "Ziya-Nurlan", "Səsin xiffəti", "Uzun, incə bir yol varmış", "Yaddaşım qaval daşı" kitabların və "Nailə", "Min ev Sədərək", "Sizi sevən Sərdaram", "Sarı simin möcüzəsi" filmlərinin ssenari müəllifidir.
Tahirə AĞAMİRZƏ