Sentyabrın 18-dən 26-dək keçiriləcək festivalda 14 ölkədən musiqiçilər iştirak edəcək. Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Fransa, Macarıstan, Yaponiya, Qazaxıstan, Norveç, Rusiya, Cənubi Koreya, Türkiyə, ABŞ, habelə yerli musiqiçilər Bakı, Gəncə, Bərdə, Ağcabədi, həmçinin Şuşada çıxış edəcəklər.
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının bir neçə konserti Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Belə ki, Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Üzeyir sənətinin gənclik sədaları”- “Clarte” klarnet kvartetinin konserti, 20-də “Cadenza” orkestrinin konserti 21-də Pikə Axundovanın “Qələbədir adın” adlı mono tamaşasının təqdimatı, 22-də ABŞ-da keçirilən Fikrət Əmirova həsr olunmuş bəstəkarlıq müsabiqəsinin yekun konserti, 23-də “Bir əsrin pavanası” adlı vokal musiqisi axşamı, 24-də isə Kamera musiqisi axşamı (Ülvi Həsənli - violin, Azərbaycan, Norveç, Kiril Kutin - piano, Bolqarıstan, Norveç) təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.