Təqdimatdan Xalq artistinin həyat və yaradıcılığı haqında məlumat verilir.
Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Şuşada ziyalı ailəsində doğulub. Orta məktəbi qurtarandan sonra o, 1923-cü ildən 1927-ci ilə qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə Şəmsi Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinfinə daxil olub. Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq, burada dramaturq C. Cabbarlı, aktyor-rejissor İ.Hidayədzadə, rejissor-pedaqoq A.Tuqanovla dostluqları başlayıb. Onun sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif Komissarlığı onu 1933-cü ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərir. Təhsilini başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb.(1)
1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana müxbir kimi göndərilir. 1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbəri, 1949-1956-cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışıb.
Onun ömrünün sonuna kimi geniş yaradıcılıq imkanları və potensialı var idi. 1957-ci ildə onu Türkmənistan Opera və Balet Teatrına dəvət edirlər və o, burada "Koroğlu" operasını tamaşaya qoyur. Keçmiş sovet məkanında Şəmsi Bədəlbəyli həqiqətən çox məşhur idi.
Görkəmli rejissor, musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 1943-cü ildə Azərbaycan Əməkdar artisti və 1964-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
1987-ci il mayın 23-də vəfat edən bu tarixi şəxsiyyət İkinci Fəxri xiyabanda dəfn olunub. (AZƏRTAC)