Açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, bir sıra ölkələrin UNESCO-dakı diplomatları, digər qonaqlar iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək milli qadın geyiminin atributu olan kəlağayının həmçinin mədəni irsimizin nümunəsi kimi tanındığını bildirib. Qeyd edib ki, hər bir kəlağayı tarixin, sənətkarlığın və mədəni ifadənin zərif sapları ilə parçaya toxunmuş hekayəsidir.
E.Abdullayev sərgidə təmsil olunan “Basqalı” kəlağayı brendi (İsmayıllı rayonu Basqal qəsəbəsi) haqqında da məlumat verib. Qeyd edib ki, “Basqalı” kəlağayı brendi 100 faiz ipəkdən, xüsusi çap və boyama texnikası ilə hazırlanır.
UNESCO-nun İcraiyyə Şurasının prezidenti Vera Al Xuri Lacoeuilhe sərginin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərgi ziyarətçilərə kəlağayı sənəti haqqında ətraflı məlumat verməklə yanaşı, bu qədim sənətin qorunub saxlanılmasına və yaşamasına da töhfədir.
“Mezo” rəqəmsal incəsənət layihəsinin rəhbəri Nabat Qaraxanova sərgidə nümayiş olunan “Şuşa” süni intellekt kompozisiyası ilə bağlı təqdimat edib. Bildirib ki, informasiya, şəkil və musiqi nümunələri “Şuşa” süni intellektin alqoritminə yüklənib və beləliklə, Azərbaycan xalçası beynəlxalq səviyyədə rəqəmsal texnologiya vasitəsilə təqdim edilir.
“Basqalı” brendinin nümayəndələri Mətanət Mirzəliyeva və Elçin Mirzəliyev kəlağayı sənəti sirlərinin nəsildən-nəslə ötürüldüyünü qeyd edib, kəlağayıların hər bir naxışının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğunu vurğulayıblar.
Kəlağayı emalatxanasındakı iş prosesi, barama, ondan ipək sapın əldə edilməsi, qəliblərin hazırlanması barədə söz açılıb. Bildirilib ki, bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir. Boyaların təbii yolla hazırlanması nümunələri təqdim edilib. E.Mirzəliyev tərəfindən kəlağayının hazırlanmasına dair ustad dərsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
“Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisi UNESCO-nun mənzil-qərargahında iki gün davam edib.
Qeyd edək ki, Azərbaycanın kəlağayı sənəti 26 noyabr 2014-cü ildə UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Hazırladı: Mina RƏŞİD