Birliyin idarə heyətinin sədri Şəmil Sadiq media nümayəndələrini Mətbuat Günü münasibətilə təbrik edərək, birliyin fəaliyyəti haqqında danışıb, həmçinin ANAİB-in fəaliyyətinin işıqlandırılmasında medianın dəstəyini vurğulayıb.
Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin müdiri Akif Marifli ANAİB-in fəaliyyətini yüksək qiymətləndirdiklərini və ölkədəki lokal sərgilərin keçirilməsinin birliyə həvalə olunmasını arzuladıqlarını vurğulayıb. Mədəniyyət Nazirliyinin elan etdiyi satınalma müsabiqəsinin nəticələrinə əsasən, nəşriyyatlardan beş yüz min manatlıq kitabın satın alındığını qeyd edən Akif Marifli gələcəkdə bu rəqəmin daha da artacağını diqqətə çatdırıb.
ANAİB-in sədr müavini Nurman Tariq çıxışı zamanı ölkədə ən çox oxunulan kitabların kateqoriyalaşdırılması və statistikasının aparılması məqsədilə oxucular arasında keçirilən onlayn sorğunun statistikasını təqdim edib. İdxal olunan kitabların daha çox nüfuz qazanmasının səbəblərini izah edən Nurman Tariq yerli nəşriyyat sektoruna qayğının artırılmasının zəruriliyini bildirib.
Daha sonra birliyin koordinatoru Fizzə Məmmədova ikiillik fəaliyyəti əhatə edən slaydı təqdim edib və ANAİB-in bu günə qədər həyata keçirdiyi layihələrdən söz açıb.
“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, Əməkdar jurnalist Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, şair, ədəbiyyatşünas Qismət Rüstəmov, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal öz çıxışlarında nəşriyyat və media sahələrinin bir-biri ilə əlaqəli olmasından, eləcə də atılmalı addımlardan, həmçinin müsbət və mənfi tendensiyalardan bəhs ediblər.
Qeyd edək ki, görüş müzakirə formatında davam edib. (AZƏRTAC)