Daha dağlarından, dərələrindən
Tütək səsi gəlsin tüfəng yerinə.
Daha bayraqlara şəhidləri yox,
Bükək körpələri bələk yerinə.
Bu gün şeirləri dillər əzbəri olan Xalq şairi, yazıçı, kinosenarist Ramiz Rövşənin doğum günüdür. Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. O, əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Ramiz Suraxanı rayonundakı 208 nömrəli şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Ssenariləri əsasında filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək xarici ölkələrdə çap olunub.
“Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nün (2013), Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya əfsanəsi” mükafatının (2019) sahibidir. Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Mina RƏŞİD