23.11.2024, 00:40
AZ EN
31.10.2023, 13:52 296

Əməkdar İncəsənət xadimi Cahangir Zülfüqarovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün tanınmış bəstəkar, Əməkdar İncəsənət xadimi Cahangir Zülfüqarovun doğum günüdür. O, unudulmaz bəstəkar Oqtay Zülfüqarovun ailəsində 1955-ci il oktyabrın 31-də Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib.

Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində çalışıb. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Onun müxtəlif musiqi janrlarında əsərləri var.

Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər