Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “İsmayıllı yazarları” Ədəbi-İctimai Birliyinin hazırladığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə ərsəyə gələn layihənin müəllifi Şahməmməd Dağlaroğlu, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Məmmədovadır.
Əvvəl filmin yaradıcı heyəti Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəsi və Ulu Öndərin AMM-nin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.
Təqdimatda Mərkəzin əməkdaşı Kərim Məmmədzadə “Şuşa: Türkün zirvəsi” sənədli filminin əhəmiyyəti haqqında danışıb, ekran əsərinin Daşkənddə təqdimatının keçirilməsindən məmnun olduğunu bildirib.
Təqdimat mərasimində Şahməmməd Dağlaroğlu öz çıxışında deyib ki, “Şuşa: Türkün zirvəsi” sənədli filmində bu qədim şəhərin yaranması, mədəniyyət və təhsil mərkəzi kimi formalaşması, XIX əsrdə baş vermiş müxtəlif siyasi kataklizmlərin Şuşaya təsiri, XX əsrin müxtəlif tarixi dövrlərində Şuşanın ermənilər tərəfindən hücumlara və şəhərdə dinc əhalinin qırğınlara məruz qalması, XX əsrin sonlarında Şuşanın işğalı, şəhərdəki tarixi-dini abidələrin dağıdılması, həmçinin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi barədə ətraflı məlumat verilir.
Hazırladı: Mina RƏŞİD