O, 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olub. 5 yaşında ikən atası vəfat edib. Onu qardaşı ilə birgə əmisi Əbdülbaği Zülalov (Bülbülcan) öz himayəsinə götürüb. Şuşa şəhər real məktəbini bitirib. 1917-ci ildə böyük həvəslə teatra gəlib. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyov Əlinin incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkmişdi. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürür. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atdı.
Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub. Sonralar təhsilini davam etdirən ifaçı Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirir. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs aldı.
Ə.Zülalov 1952-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında çalışmağa başlayıb. İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollardan bunları nümunə göstərmək olar. Ehsan paşa və Fətəli xan ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan"), Ərəbzəngi ("Şah İsmayıl") və onlarla digər obrazları maraqla izlənib.
Əməkdar artist fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi. O, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü çərçivəsində Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilib. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə. Zülalov bu obrazı xüsusi bir məharətlə yaradıb.
İstedadlı opera müğənnisi Əli Zülalov 1963-cü il fevralın 18-də Bakıda vəfat edib.
Mina RƏŞİD