18.10.2024, 10:06
AZ EN
21.08.2023, 10:57 271

Seyid Şuşinski qavalını ona bağışlamışdı

XƏBƏRLƏR

Bu gün xanəndə Mürşüd Səlim oğlu Məmmədovun doğum günüdür. O, 1932-ci il avqustun 21-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. 1941-ci ildə ailələri Şəkiyə köçüb. 1945-ci ildə Şəkinin məşhur xanəndələrindən olan Yunis Qarabağlı balaca Mürşüdün səsinə qulaq asaraq ona tövsiyələrini verib. Mürşüd 1945-1950-ci illərdə rayon pionerlər evində muğamat və xalq mahnıları dərnəyinin fəal üzvü olub. 1952-1956-cı illərdə rayon mədəniyyət evində işlədiyəndə Şəki şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə maraqlı konsert proqramları ilə çıxış edib. Həmin illərdə Şəkinin məşhur xanəndələri Yunis Qarabağlı, Ramiz Məhərrəmov, Maqsud Şirinzadə, Hikmət Hacıyevlə dostluğu olub. O dövrdə Seyid Şuşinski Şəkiyə gəlmiş və Mürşüdün ecazkar səsinə qulaq asıb. Sonra görkəmli xanəndə Ağdamda orta ixtisas musiqi məktəbində muğamat sinfi açmış və Mürşüdü həmin muğam sinfinə qəbul etmişdir. Beləliklə, Mürşüd Məmmədov Ağdam orta ixtisas musiqi məktəbinin muğam sinfini bitirib.

1955-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulmasının 35 illiyi münasibətilə Respublika İncəsənət Olimpiadası keçirilib. Həmin ilin martında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, bəstəkar Soltan Hacıbəyov, Azərbaycan Dövlət Radiosu Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri bəstəkar Səid Rüstəmov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, baletmeyster Əlibala Abdullayev Şəkiyə gəlirlər. Onlar “Şəki toyu” və “Zorxana” rəqs kollektivinin yüksək səviyyədə çıxışına tamaşa edirlər. Sonra gənc xanəndə Mürşüd Məmmədovun ifa etdiyi “Qatar”, “Mirzəhüseyn segahı” muğamlarına, “Qarabağ şikəstəsi” ritmik muğamına maraqla qulaq asırlar. Mürşüdün zil səsi onları valeh edir.

955-ci ilin aprelində Bakıda Respublika İncəsənət Olimpiadasının yekun turu keçirilir. Mürşüd Məmmədov münsiflər heyəti tərəfindən laureat adına layiq görülür. Birinci dərəcəli laureat diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.

Aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmasının 35-ci ildönümünə həsr olunmuş bayram konsertində Şəkinin məşhur “Zorxana” rəqs kollektivi və Mürşüd Məmmədov iştirak edirlər. Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə xanəndə Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə “Qarabağ şikəstəsi”ni ifa edir. Münsiflər heyətinin üzvlərinin rəyinə əsasən Mürşüd Dövlət Filarmoniyasında işləməyə dəvət olunur.

1956-cı ildə Mürşüd ailəsi ilə Bakıya köçür. 1956-1957-ci illərdə onun ifasında “Qatar”, “Rast”, “Segah-Zabul”, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, “Mənsuriyyə” muğamları radionun “Qızıl fond”una lentə alınır. Xanəndəni Əhməd Bakıxanovun Xalq Çalğı Alətləri Ansamblı müşayiət edir.

1958-ci ilin yanvar ayında Moskvada estrada artistlərinin ümumittifaq müsabiqəsində Mürşüd Məmmədov məşhur muğam ustası Qulu Əsgərov, mahir nağaraçalan Çingiz Mehdiyevlə bərabər doğma Azərbaycanı təmsil etmişdir. SSRİ-nin görkəmli incəsənət xadimlərindən təşkil olunmuş münsiflər heyəti üzvlərinin rəyinə əsasən, Mürşüd laureat adına layiq görülmüş, birinci dərəcəli diplom və SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Bəstəkarlar İttifaqının hədiyyələri ilə mükafatlandırılmışdır. Ümumittifaq müsabiqəsində nümunəvi çıxış edən xanəndə Mürşüd Məmmədov haqqında 1958-ci ilin martında Moskvada nəşr olunmuş “Musiqi həyatı” jurnalında geniş məqalə həsr olunmuşdur.

M.Məmmədov 1956-1986-cı illərdə, 30 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, Dövlət estradasında, Qastrol-Konsert Birliyində işlədiyi illərdə SSRİ-nin bir çox respublikalarında, həmçinin respublikamızın bütün şəhər və rayonlarında qastrol səfərlərində olub və uğurlar qazanıb. Xanəndəyə verilən ən yüksək dəyərlərdən biri görkəmli xanəndə Seyid Şuşinskinin ona bağışladığı şəxsi qavalıdır. Belə ki, Seyid Şuşinski yüzlərlə dərs dediyi tələbələri içərisində Mürşüd Məmmədovun muğam sənətini zirvəyə qaldırmış və qavalını ona hədiyyə etmişdir.

Xanəndə uzun illər ərzində Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Ramiz Hacıyev, Sahib Şükürov, İldırım Həsənov, Nisə Mustafayeva və başqaları ilə qastrol səfərlərində yoldaşlıq etmişdir.

M.Məmmədov 1989-1996-cı illərdə Bakıda İncəsənət Gimnaziyasında muğam sinfinə rəhbərlik etmişdir. Hazırda onun yetirmələrinin əksəriyyəti məşhur xanəndələrdir.

Mürşüd Məmmədov 1996-cı il aprelin 26-da 64 yaşında vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər