17.06.2025, 04:56
AZ EN
04.08.2023, 16:15 294

“Yaxşı kişi” adını qazanmış unudulmaz aktyor

XƏBƏRLƏR
  • Bu gün Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür. Görkəmli aktyor 1915-ci ildə Gəncədə avqustun 4-də dünyaya gəlib. 2 yaşında ikən atasını itirib. Onun məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalıblar. Bu çətinliklər M.Şeyxzamanovun da taleyində və sənətində özünü büruzə verib.

Məmmədrza orta məktəbdə tərbiyəsi, savadı və istedadı ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq onda erkən yaşlarında başlamışdı. Ona görə də, orta məktəb illərində teatr studiyasına daxil olub. 1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov onu teatra dəvət edib. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında kiçik bir rolda (Brahma) çıxış edib. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Aktyor 1954-cü ildə Akademik Dram Teatrında işə başlayıbr. "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb.

M.Şeyxzamanovun ilk növbədə aydın diksiyaya, geniş diapazona malik olduğunu xüsusi olaraq qeyd etmək lazımdır. Kinoda da onun zəhməti az olmamışdır. Onlarla filmdə onun unudulmaz rolları bu gün də tamaşaçıların marağına səbəb olur. 

Aktyor böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxıb. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradıb.

Aktyor adətən müsbət qəhrəman rollarını ifa edib. Ancaq "Nəsimi" filmində yaratdığı obraz onun həm də, mənfi tiplərin gözəl ifaçısı lduğunu göstərir.

Böyük aktyor, maraqlı insan M.Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, öz peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməyən sənətkarlardan idi. Rahat adam, yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan idi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı: - "Yaxşı kişi".

Görkəmli aktyor 1984-cü il yanvarın 25-də Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR