16.09.2024, 23:15
AZ EN
17.05.2022, 10:00 597

“4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Azərbaycandadır

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçiriləcəkdir.

Layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.

Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihədə ilk olaraq iştirak edəcəkdir. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf 16-23 may tarixlərində ölkəmizdə səfərdə olacaqdır.

Bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Layihə Türkiyə ilə yanaşı, Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır.

Həmçinin, bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və onlar tanınmış türk fotoqrafı ilə görüşmək imkanı əldə edəcəklər. Hüseyin Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq proqramı da təşkil olunacaqdır.

Oxşar xəbərlər