O, 1929-cu il iyunun 6-da Şuşada anadan olub. Burada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirib.
Münəvvər Rzayeva yüzədək müxtəlif səpkili sənət əsəri yaradıb, çoxlu sayda sərgilərin iştirakçısı olub. 1953-cü ildə Rəssamlıq İttifaqının üzvü seçilib. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA Nizami adına Ədəbiyyat Muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.
Münəvvər xanımın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.
Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da Bakı şəhərində vəfat edib.
Hazırladı: Mina RƏŞİD