19.10.2024, 18:36
AZ EN
18.04.2023, 14:16 223

Su həyat mənbəyi olsa da, ildən-ilə tükənmək təhlükəsi artır

XƏBƏRLƏR
  • Yer kürəsinin 70 faizi su ilə örtülü olsa da, 97 faizini duzlu sular təşkil edir. Cəmi 3 faiz olan şirin suyun 2 faizi buzlaqlarda cəmlənib. İçməli su mənbələri antropogen və texnogen amillərə görə ildən-ilə çirklənir. Çirkənmiş yeraltı suların təbii yolla təmizlənməsinə isə minilliklər tələb olunur. Şirin su ehtiyatına malik ən böyük təbii rezervuar Rusiyadakı Baykal gölüdür. Ən təmiz ehtiyata malik ölkə Finlandiyadır. Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkə isə Azərbaycandır. Bu da regiondakı su ehtiyatının yalnız 15 faizini təşkil edir.

80 faizdən çox xəstəliyin mənbəyi çirkli sudur. Hindistanda göl və çayların 75 faizi o qədər çirklənib ki, nəinki içmək, heç çimmək üçün də yaramır. Çirkli su mənbələri müharibələr, QİCS və yol nəqliyyat qəzalarından  daha çox insan məhvinə səbəb olur. Hər il 25 milyon insan çirkli su səbəbindən yaranan xəstəliklərdən vəfat edir. Təbiətin bu nemətindən israfçı istifadə tez bir zamanda qlobal fəlakətə səbəb ola bilər. Dünyada bir milyard insan, eləcə də Afrika əhalisinin üçdə bir hissəsi içməli su imkanından məhrumdur. Problem o qədər qlobaldır ki, artıq su resursları uğrunda savaşlar gedir. Son yarım əsr ərzində su uğrunda 500-dən artıq münaqişə baş verib. Onların 21-i hərbi toqquşmalara səbəb olub.

Gün ərzində 1 litir su içmək ürək-damar xəstəlikləri riskini azaldır. Orqanizmin suya olan tələbatı oksigen ehtiyacından sonra ikinci yerdədir. Bütün həyatı boyunca insan təxminən 35 ton su içir. Amma elə sular da var ki, onu içmək olmaz. Misal üçün, Azərbaycanda tərkibində metan olduğu üçün kibritlə yanan sular var. Lakin zəngin tərkibinə görə insan həyatı üçün faydalı olan mineral sular da var. Bu sular öz tərkibini qoruyaraq təbii yolla yer səthinə bulaqlarla çıxır. Mineral suların əksəriyyəti karbon qazı tərkibli olur. Tərkibindəki mineralların miqdarında və karbon qazına görə mineral sular müalicəvi və süfrə suyu olmaqla, 2 hissəyə bölünür. Müalicəvi sular yüksək codluğa malikdir və gün ərzində yalnız bir neçə stəkan içilə bilər. Orqanizmin su balansını təmizləmək üçün bu sular tövsiyə edilmir. Müalicəvi sular süfrə suyu kimi təqdim olunduqda filtrdən keçirilərək mineralsızlaşdırılır və ənənəvi filtr suyundan fərqi qalmır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər