Pakistan Mədəniyyəti Mərkəzində keçirilən tədbir səfir Bilal Hayeenin açılış nitqi ilə başlayıb. Xocalı faciəsi insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biri kimi xatırlanıb. Xocalı sakinləri Eldəniz Ağayev, Xatirə Mirzəyeva, Gülnar Kərimova, şəhid Qasım Məmmədhəsənovun atası - Bilal Məmmədhəsənov 32 il əvvəl Xocalıda baş verən hadisələri, ermənilərin törətdikləri vəhşilikləri ürək ağrısı ilə yada salıblar. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, şair-publisist Azadə Novruzova, tarix elmləri doktoru Eynulla Mədətli, dosent Aydan Xəndan, urdu dili mütəxəssisi Rövşən Şirxanlı, dosent Vəfa Abdullayeva-Nəbiyeva, Qarabağ qazisi Rüxsarə Cumayeva, gənc fəal Ruslan Qasımov da iştirak ediblər. Tədbirdə yazıçı İradə Əlilinin urdu dilinə tərcümə olunmuş "Xocalı: Şahidlər danışır" kitabı da təqdim olunub. Qeyd edək ki, kitabın urdu dilinə tərcüməsi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi və dissertantı Amalya Paşayevaya məxsusdur. Kitabın redaktoru isə şair-publisist, Azadə Novruzovadır. Onu bildirək ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev kitabı İsveç dilinə tərcümə edəcək. Beləliklə də, "Xocalı: Şahidlər danışır" kitabı növbəti 13 -cü dildə çap olunacaq.
Mina RƏŞİD