İndi Ağamoğlanın atası onun haqqında ürəyində danışır, gözlərində yaş donur, dilinə gətirə bilmir keçirdiyi hissləri. Bircə onu deyir ki, valideyn bilir övladının necə olduğunu, çox tərbiyəli uşaq idi, bunu bütün qonşulardan öyrənə bilərsiniz… Anası müharibə vaxtı onunla cəmi bircə dəfə danışa bilib. Nənəsi isə nə göz yaşlarını saxlaya bilir, nə də nəvəsini gücə-gündüz oxşamağından qalır. Deyir, sənə canım qurban, kaş yuxuma gələydin, körpə balam, Vətən yolunda, el yolunda getdi balam…
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Ağamoğlan Yusif oğlu Kərimovun doğum günüdür. O, 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günündən Cəbrayıl istiqamətində döyüşlərə qoşulub. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ağamoğlan Kərimov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə», «Laçının azad olunmasına görə» medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ağamoğlan balamız!
Mina RƏŞİD