Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri də Xocalı soyqırımıdır. 1992-ci ildən bəri qəlbimizdə yara bağlamış bu dəhşətli hadisənin qisası 2020-ci ilin payızında alındı. Bu möhtəşəm qələbədə İmran Kamran oğlu Rəcəbovun da öz payı var. O, 20 avqust 1985-ci ildə Xocalı rayonunun Meşəli kəndində anadan olmuşdur. İmran Xocalı rayon, Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbində oxuyub, rayonun işğalı ilə əlaqədar orta təhsilini məcburi köçkün məktəbində başa vurmuşdur, orta təhsillidir. İ.Rəcəbov həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Tərxis olunduqdan sonra MAHHXHQ kimi xidmətə qayıtmışdır. Bir çavuş kimi 44 günlük Vətən müharibəsində o, düşməndən Xocalının qisasının alınmasında xüsusi qəhrəmanlıq göstərmişdir. Bu müharibədə İmran Tərtər, Suqovuşan istiqamətində döyüşmüşdür. Elə burada da yaralanan igidimiz III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Suqovuşanin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları verilmişdir. Ailəlidir, iki oğul atasıdır.
İsa Musayev