21.05.2024, 13:48
AZ EN
11.02.2022, 15:22 317

Mingəçevirdə məcburi köçkünlərlə dialoq təşkil edilib

XƏBƏRLƏR

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi bu il fevralın 1-dən Böyük Qayıdışa dəstək göstərmək üçün yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşdirilən layihə “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adlanır. Layihənin aprelin sonunda başa çatdırılması nəzərdə tutulur.

İctimai Birlikdən bu barədə məlumat verərkən bildiriblər ki, fevralın 9-da Laçın, Kəlbəcər və Ağ­dam rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Min­gə­çevir Media Mərkəzində ilk dialoq təşkil olunub. Layihə rəhbəri Fərman Nəbiyev məcburi köçkünlərin qayıdışı ilə bağlı Azər­bay­can Prezidentinin, eyni zamanda Qaçqınların və Məcburi Köçkün­lə­rin Problemləri üzrə Dövlət Komi­təsinin gördüyü işlərdən danışıb.

Görüşə toplaşanların əksəriyyəti köçkünlükdən öncə maldarlıq­la məşğul olduqlarını və qayıdandan sonra da bu məşğuliyyəti davam etdirmək istədiklərini açıq­layıb. Bildiriblər ki, onlara dəstək göstərilib şərait yaradılarsa, həm ailələrinin güzəranını təmin edər, həm də ölkədə ərzaq bolluğuna töhfə verərlər.

Görüşdə gənclər də iştirak ediblər. Onlardan biri - Vüsal Şirinov Kəlbəcərdən çıxanda 5 yaşı olduğunu, digər 3 gənc isə Mingəçevirdə doğulduqlarını bildiriblər. 20 yaşlı Nərminə Rəhimli, 23 yaşlı Elgün Hətəmli doğma yurdları barədə valideynlərindən eşidib, kinolarda görsələr də, qayıtmağa hazırdırlar. “Burda hər cür şəraitim var. Yaxşı işim, dövlətin tikdiyi təzə binada mənzilim var. Amma mən də Ağdamsız yaşaya bilmərəm,” - bu fikirləri 25 yaşlı Nicat Əsədzadə səsləndirib.

Dialoq iştirakçılarından Səriyyə Vəliyeva, Sevda Novruzova, Kəlbəcər Rayon İcra Hakimiyyətinin yerli nümayəndəsi Fəqani Al-xanov da ailələri ilə birgə uzun illərdir ki, yataqxanalarda məskunlaşıblar. Onlar bir otaqda yatıb-durmaq, yemək bişirmək, övlad böyütmək məcburiyyətində qaldıqlarını deyiblər. Kəlbəcərli Heydər Kərimov məcburiyyət üzündən kirayə mənzildə qaldığını, vahid aylıq müavinətinin kirayə haqqına getdiyini bildirib. Məcburi köçkünlərdən Xatirə Abbasova, İxtiyar Həsənli də yaşadıqları çətinliklərdən danışıb, doğma yurda qayıtmağa hazır olduqlarını qeyd ediblər.

Layihənin tədqiqatçısı İnqlab Şirinov diqqətə çatdırıb ki, qayıdışın könüllülük prinsipi əsasında aparılması anlaşılandır, ancaq oğullarımızın qanı-canı bahasına azad olunmuş torpaqlara qayıtmaq mənəvi borcumuzdur: “Biz dədə-baba yurdumuzu boş saxlaya bilmərik. Orada yeni həyata başlamalıyıq və dünyaya sübut etməliyik ki, torpağın əsl sahibləri bizik”.  

Layihə çərçivəsində əlavə iki dialoq keçiriləcək, 11 məcburi köçkün məntəqəsində 110 nəfər arasında qayıdışla bağlı sorğular aparılacaq, 3 kiçik sənədli film çəkiləcək və araşdırmaların yekunu üzrə hökümətə ismarıclar ötürüləcək.

Oxşar xəbərlər