25.06.2025, 18:53
AZ EN
13.01.2023, 10:34 516

Azərbaycan səhnəsinin Cülyettası

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Barat Şəkinskayanın doğum günüdür.

O, 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olan Barat xanımın atası Həbib xan 1920-ci il aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də onların ailəsi Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə köçüblər. Sonra Ağdamdan da Gəncəyə köçüb burada yaşamağa başlayıblar. Barat xanım Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində birinci sinifə gedib. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. O, həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.

 B.Şəkinskayanın yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. O, həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı dövlət teatrının üzv olub. 1944-cü il dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına daxil olub.

Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib. Daşkənddə keçirilən beynəlxalq kino festivalı günlərində iştirak edib. 1960-cı ildə Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya da teatra qayıdaraq əsas rolların ifaçısı olub. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb.  

“Azərbaycan səhnəsinin Cülyettası” kimi tanınan Barat Şəkinskaya 1935-ci ildən Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır.

 Barat Şəkinskaya Azərbaycanın unudulmaz, həmişə baxımlı filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.

Aktrisa 23 yaşında Azərbaycan Respublikasının Əməkdar artisti, sonra isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Unudulmaz Xalq artisti Barat Şəkinskaya 1999-cu il yanvarın 14-də 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər