24.04.2025, 12:04
AZ EN
29.12.2022, 16:45 426

Səyyad Aran: “Müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasının əsas şərti milli-dini birlik və həmrəyliyimizdir”

XƏBƏRLƏR
  • “44 günlük Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri də məhz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək dəmir yumruq olmağımızdır. Təəssüf ki, bu gün də birliyimizi pozmağa və müqəddəs dəyərlərimizi sarsıtmağa çalışanlar vardır. Bunlar çirkin məqsədlərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atır, hər cildə girir, hətta dindən də sui-istifadə edirlər. Lakin onların bu siyasəti sağlam fikirli millətimizin sarsılmaz iradəsi qarşısında mütləq iflasa uğrayacaqdır”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini, filologiya elmləri namizədi Səyyad Aran bu gün “525-ci qəzet”də dərc edilmiş “Milli dini birlik” adlı məqaləsində belə yazır.

S.Aran onu da diqqətə çatdırır ki, İslam qardaşlıq dinidir. Azərbaycan da tarixən İslam dünyasının əsas mədəni, dini mərkəzlərindən biri olub. Eyni zamanda, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Buna paralel olaraq, dünyəviliyə, sivilizasiyalararası, dinlərarası dialoqa, müasirliyə münasibətdə həmişə İslam dünyası üçün örnək olub. Başqa sözlə, Azərbaycan Qərbə münasibətdə İslam dünyası üçün, Şərqə münasibətdə isə Qərb üçün bir nümunədir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dini abidələr təmir edilib. İslam dünyasında ilk dəfə olaraq vəhdət namazları qılınıb. Vəhdət namazı ilk dəfə Heydər məscidindən başlanılıb. Bu qardaşlıq nümunəsi dövlətimizin həyata keçirdiyi siyasətin nəticəsidir.

Müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasının əsas şərtinin milli-dini birlik və həmrəyliyimiz olduğunu vurğulayan müəllif yazır: “Dünya azərbaycanlılarının birliyinin yaradılmasının əhəmiyyətini nəzərə alaraq, o vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ulu öndərimiz Heydər Əliyev, 1991-ci il dekabrın 16-da dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Elə həmin ildən başlayaraq 31 Dekabr bütün azərbaycanlıların əziz bayramına çevrilib.1992-ci ildən başlayaraq isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi dövlət səviyyəsində qeyd olunur”.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər