Bunu açıqlamasında aprelin 2-də 10 illiyi qeyd olunan Aprel döyüşlərini dəyərləndirən Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Məhəmməd Mustafayev deyib.
Bu gün Azərbaycan tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Təmas xəttində yerləşdiyi üçün uzun illər ərzində erməni silahlı birləşmələrinin atəşinə məruz qalan Tapqaraqoyunlu kəndi də həmin döyüşlərin əhatə dairəsinə daxil idi. Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi uğur sayəsində erməni atəşi altında olan Tapqaraqoyunlunun vəziyyəti sabitləşdi, düşmən postları kənddən nisbətən uzaqlaşdırıldı. Bu isə kənddə həyatın axarını dəyişməyə başladı, sakinlər illər sonra ilk dəfə daha rahat nəfəs ala bildilər.
2016-cı il Aprel döyüşlərinin onların həyatını müsbətə doğru dəyişdiyini vurğulayan kənd sakini Məhəmməd Mustafayev həmin günləri belə xatırlayır:
"Aprel döyüşləri bizim kəndimiz üçün çox böyük əhəmiyyət daşıyırdı. Bu döyüşlərdən sonra düşmən postları geri çəkildi və biz bir az da olsa rahat yaşamağa başladıq. Ondan əvvəl isə kəndimiz tez-tez atəşə tutulurdu. Buna baxmayaraq, biz bir gün də olsun kəndimizi tərk etmədik, ordumuzu tək qoymadıq".
Kəndin digər sakini Sevinc Abbasova isə Aprel döyüşlərini daha böyük bir prosesin başlanğıcı kimi qiymətləndirib:
"Aprel döyüşləri bizim kənd üçün çox vacib idi. O döyüşlər sanki sonradan baş verən 44 günlük Vətən müharibəsi üçün bir təkan oldu. On il əvvəlki döyüşlərdən sonra kəndimizdə həyat xeyli rahatlaşdı. Artıq düşmən əvvəlki kimi yüksək mövqelərdən kəndi atəşə tuta bilmirdi".
Bununla belə, həm Aprel döyüşləri zamanı, həm də Vətən müharibəsi dövründə Tapqaraqoyunlu kəndi ciddi zərər gördü. İntensiv artilleriya zərbələri nəticəsində kənddəki evlərə ciddi ziyan dəysə də, sonrakı dövrdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində dağılan evlər yenidən tikildi, kənd əvvəlki həyatına qayıtdı.
Hazırda Tapqaraqoyunlu kəndində həyat öz axarı ilə davam edir. Əkin sahələrində işlər görülür, sakinlər təsərrüfatları ilə məşğul olur, uşaqlar təhlükəsiz şəraitdə böyüyür. Bir vaxtlar atəş səslərinin susmadığı bu kənd indi dirçəlişin və dözümlülüyün simvoluna çevrilib. (Report)