2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ülvi könüllü olaraq döyüşlərə qatılıb. O, Füzuli, Cəbrayıl, Şuşa uğrunda gedən qızğın döyüşlərdə 23 yaşında qəhrəmanlıq dastanı yazıb. Müharibə başlanandan sona qədər savaşıb. Düşmən dəfələrlə onu hədəfə alsa da vura bilməyib. Nəhayət 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən ölüm-dirim savaşında igid əsgər qəhrəmanlıqla şəhid olub. Noyabrın 17-də doğulduğu Turan qəsəbəsində torpağa tapşırılıb.
Ülvi Abışov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidliyinin ilk doğum günündə adına inşa edilən bulağın açılışı olub.
…Onlar iki qardaş idilər. Elmir deyir: “Axırıncı dəfə onunla noyabrın 2-də danışmışdıq. Onun üçün çox darıxsam da, qardaşımla fəxr edirəm”… Elə atası Bayram Abışov da, belə söyləyir. Babası Eyvaz Abışov isə Ülvinin şəhidliyindən öncə ona həsr etdiyi şeirində onun dünyaya gəlməyindən tutmuş bütün həyatı və qəhrəmanlığından bəhs edib. Sanki nəvəsinin necə bir igid olacağı ürəyinə dammışdı.
“Ülvi anadan yeddi aylıq doğulmuşdu. Onu çox böyük əziyyətlə böyüdüb boya-başa çatdırdıq. O, çox sakit, gülərüz uşaq olub. Heç kəslə dalaşmazdı. Dost onun üçün hər şey idi. Ülvini dost-tanışlarından əlavə, bütün qəsəbə sakinləri də çox sevirdi. Onun idealı Milli Qəhrəmanımız Mübariz İbrahimov idi. Ülvinin bu arzusu onu şəhidlik zirvəsinə qaldırdı. Mən nəvəm Ülvi ilə fəxr edirəm. Çünki Ülvi bizim başımızı həmişə uca edib. Nəvəm kimi igid, saf qəlbli, gülərüz, mərifətli birinə ancaq şəhidlik yaraşardı" – deyir nənəsi Kamilə xanım.
“…Cənazə karvanı bayraqlara bələnib gedəndə həyatımda ilk dəfə ölən bir insana həsəd apardım. Böyük insan seli, təntənə, alqış sədaları... Sanki bayraqlar onu çiyninə alıb aparırdı. Düşündüm ki, belə təntənəli dəfn yalnız şəhidlərə qismət ola bilər”. Bu təsirli fikirləri isə Ülvinin müəllimi söyləyib…
Ruhu şad olsun, məzarı nurla dolsun, Ülvi balamızın.
Mina RƏŞİD