23.11.2024, 02:03
AZ EN
12.12.2022, 16:03 343

Aqşin mənim qəhrəmanımdır!

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın qəhrəman oğlu şəhid Aqşin Dilavər oğlu Quliyevin doğum günüdür. O, 1996-cı il dekabr ayının 12-də Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. 2002-2013-cü illərdə Ə. Şərbətov adına Çiçəkli kənd tam orta məktəbində orta təhsil alıb. 2013-cü ildə hərbi xidmətə yollanıb və elə burada da həyat yolunu seçərək Vətənə qulluq etməyə başlayıb. Hərbi hissəyə gələn zabitlər onun xüsusi bacarıqlarını gördükdən sonra Aqşinə XTQ kursuna qatılmağı təklif ediblər. Aqşin kursları uğurla başa vurub və əsgər kimi xidmətinin qalan hissəsini XTQ-də keçib. O, xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016-cı ilin Aprel döyüşlərində böyük şücaət göstərərək "İgidliyə görə" medalı ilə təltif olunub.

Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və  ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində mərdliklə iştirak edib. Hadrutun azad olunmasında onun böyük xidmətləri olub. Belə ki, Aqşin kəşfiyyatçı kimi düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyyətə gətirib, silah-sursat anbarlarını partladıb, bir neçə düşməni məhv edib, bir nəfər zabitini isə əsir götürüb.

2020-ci il oktyabr ayının 16-da Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə də o, düşmənin müdafiə mövqelərinin dərinliklərinə irəliləyərək onların xeyli canlı qüvvəsini məhv edib. Həmin qızğın döyüşlərdə yaralanmasına baxmayaraq geri dönməyib və ona verilmiş döyüş tapşırığını sona çatdırıb. İgid döyüşçü yaralı vəziyyətdə yüksəklikdə pusqu qurmuş düşmən snayperini məhv etməyi bacarıb. Aqşin çox qan itirdiyinə görə geri qayıtmağı mənasız sayıb və düşmənə  elə oların öz snayper tüfəngi ilə atəş açıb yerini dəyişmək istəyərkən düşmən gülləsinə tüş gəlib.

Yurdun qəhrəman oğlu oktyabrın 16-da canından çox sevdiyi Vətəni  uğrunda şəhid olub. Şəhidimizin  nəşi ordu qüvvələrimizin bir neçə saat sonra həmin ərazini azad etməsindən sonra tapılıb. Noyabrın 17-də şəhidimizin cənazəsi üçrəngli bayrağımıza bürünərək doğulub böya-başa çatdığı Sabirabad rayonunun Çiçəkli kəndinə gətirilib və böyük izdihamla dəfn olunub.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

İgid oğlumuzun qəhrəman anası deyir ki, Aqşin mənim qəhrəmanımdır, Azərbaycanımın qəhrəmanıdır!

Anan doğru deyir, Şəhidim. Yurdun Zəfər salnaməsini öz qanıyla yazan qəhrəman oğullardan biri də sənsən. Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər