"Vətən səsi" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk rəsmi İrəvanın Qərbə üz tutması fonunda beynəlxalq və regional siyasətdə kardinal dəyişikliklərlə müşaiyət olunan qərarlarının Moskva ilə münasibətlərə mümkün təsirlərini şərh edərkən bildirib. O, qeyd edib ki, Ermənistanın "Tramp Marşrutu" layihəsində tranzit gəlirlərinin böyük bir hissəsini güzəştə getməsi əlbəttə, bu ölkənin suveren hüququdur. Lakin bu, istər siyasi divident, istərsə də dəhlizin mülkiyyət hüquqları nöqteyi-nəzərdən Ermənistana heç nə qazandırmayacaq: "Əlbəttə, tranzit gəlirlərinin 74 faizini güzəştə getmək qərarı onların öz seçimləridir. Amma İrəvan Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin həmsədrliyi ilə fəaliyyət göstərən üçtərəfli işçi qrup formatında qalsaydı, bu yolun tikintisi artıq başa çatmaq üzrə olardı və yol tamamilə ərazisindən keçdiyi ölkənin mülkiyyətində qalardı".
Rusiya Baş nazirinin müavini Ermənistan rəhbərliyinə xəbərdarlıq edib ki, İrəvanın Ermənistanda Qərb informasiya mərkəzlərinin tikintisindən də qazançı çox az olacaq. Aleksey Overçuk iddia edib ki, bunun uzunmüddətli nəticələrinin hətta mənfi səviyyədə olacağı da qaşılmazdır: "İnformasiya mərkəzlərinin tikintisi demək olar, heç bir iş yeri yaratmır. Məlumdur ki, informasiya mərkəzlərinin mövcudluğu pərakəndə elektrik enerjisi qiymətlərinin artmasına birbaşa təsir göstərir ki, bu da insanlar və müəssisələrin real həyatına da təsir edəcək".
Rusiya hökumətinin nümayəndəsi əlavə edib ki, Ermənistan rəhbərliyi Qərblə əlaqələrin genişləndirilməsinə daha çox maraq göstərsə də, Rusiya ilə iqtisadi bağlantıları zəiflətmək İrəvanın özü üçün mənfi nəticələrə gətirib çıxarır. Onun sözlərinə görə, bu reallığı Ermənistan hökuməti də anlamağa başlayıb və indi iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının önəmi xüsusi vurğulanır: "Moskva və İrəvan bundan sonra iqtisadi münasibətləri fərqli şəkildə qurmalı olacağı nöqtəyə çox yaxınlaşıb. Bizim tərəfdən müzakirələr açıq və həmişə hörmət çərçivəsində keçir. Amma Ermənistandakı tərəfdaşlarımızın dediyi sözlərlə əməlləri müqayisə etdikdə belə nəticəyə gəlmək olur ki, reallıqlar tamamilə fərqlidir. Fikrimcə erməni həmkarlarımız elə bir nöqtəyə çox yaxınlaşıblar ki, bundan sonra İrəvanla iqtisadi münasibətlərimizi başqa cür qurmalı olacağıq".
Overçuk İrəvana ünvanladığı bu xəbərdarlıqdan sonra Ermənistanla iqtisadi-ticarət əlaqələrinin kəsilə biləcəyinə də eyham vurub. O, iki ölkə arasında mövcud ticari-iqtisadi əlaqələrə dair gələcək perspektivlərin Rusiyanı narahat etdiyini də gizlətməyib: "Dəmir yollarının konsessiyasının satılması ilə bağlı bəyanatlar, regiondakı ümumi vəziyyət və Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma siyasəti fonunda bu əlaqələrin gələcəyi ilə bağlı ciddi suallar yaranır".
Elxan SALAHOV