21.11.2024, 21:54
AZ EN
25.02.2024, 19:31 210

Deputat: Terror və digər xalqlara nifrət Ermənistanın dövlət siyasətidir

XƏBƏRLƏR
  • Xocalı qətliamı sıradan bir hadisə deyil. Çünki Xocalıda baş verənlər bir daha onu sübut etdi ki, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, dünyada heç bir xalq belə ağır faciə yaşamayıb.

Xocalı faciəsi müharibə cinayətlərindən fərqli olaraq, insanlığa qarşı ən dəhşətli terror aktıdır. Bu qanlı olayı törətməklə Ermənistan dövlət, millət kimi bir daha öz vəhşi simasını dünyaya nümayiş etdirdi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan türklərinə qarşı kütləvi soyqırımı cinayəti həyata keçirməklə, əslində, bir millətin genefondunu Yer üzündən silmək kimi eybəcər xislətini ortaya qoyan Ermənistan beynəlxalq hüququn normalarını ayaqlar altına ataraq dünya ictimaiyyətinin gözü qarşısında bu tarixi faciəni həyata keçirdi. Dünya isə bu qanlı hadisəyə səssiz qaldı, bütövlükdə Qarabağın işğal olunmasına səssiz yanaşdığı kimi…

Ən dəhşətlisi isə odur ki, erməni siyasi və ictimai elitasının nümayəndələri, fikir adamları, özlərini ziyalı kimi dünyaya sırıyanlar silaha sarılaraq Xocalıda döyüşçü kimi fəal iştirak etmişlər. Həmin qanlı hadisə təsdiq etdi ki, ziyalısı Xocalıda əli uşaq qatili kimi qana batan Zori Balayandırsa, görün bu millətin sadə vətəndaşı necədir. Terror, digər xalqlara nifrət, monoetik siyasət bu ölkənin dövlət siyasətidir.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalıda uşaq, qadın, qoca, ahıl demədən insanlığa silah çevirməklə, tarixdə hətta faşistlərin belə əl atmadıqları qəddarlıqlar törədiblər. İkinci Qarabağ müharibəsində milliyyətcə erməni olan həyat yoldaşını itirən rus qadının etirafları olduqca türkürpədici idi. Qadın göz yaşları içində bildirirdi ki, Xocalıda bəşəriyyət əleyhinə cinayətdə iştirak edən qayınatası həmin o dəhşətli gecədə döyüşçü kimi azərbaycanlı hamilə qadını süngü ilə öldürərək bətnindəki körpəsini qarnından çıxararaq tikələrə böldüyünü, anasının ölmüş cəsədini təhqirə məruz qoyduğunu tez-tez xatırladırdı. Qadın deyirdi ki, insan övladı bu cinayəti törədə bilməzdi. Bu, vəhşilikdir!”, - deyə deputat söyləyib.

Rəşad Mahmudovun sözlərinə görə, şübhəsiz ki, o zaman müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunanlar bu faciənin qarşısını ala bilmədilər. Onların səriştəsizliyi, fəaliyyətsizliyi, nasist xislətli düşmənə meydan verdi. Ən azından Xocalı sakinləri qətliamdan əvvəl təxliyə oluna bilərdilər.

Ortada olan həqiqət birmənalı şəkildə onu göstərir ki, xalqımızın əziz övladı Heydər Əliyev ölkənin rəhbərliyində təmsil olunsaydı, xocalılıların özlərinin də etirafı kimi, xalqımız bu faciəni yaşamazdı.

“Bir qərinəyə yaxın tarixi torpaqlarımızı işğal altında saxlayan Ermənistan utanmadan növbəti ərazi iddiaları, növbəti kütləvi qətllərlə ölkəmizi hədələməkdən belə çəkinmədi. Ölkə rəhbərliyi tərəfindən bildirilirdi ki, müharibə başlanacağı təqdirdə, Azərbaycan Xocalı kimi yeni faciələr yaşayacaq, ötən əsrin sonlarında olduğu kimi, məğlubiyyətlərə düçar olacaq. Ermənistanın cəbhədə növbəti təxribatı müharibə ilə nəticələndi. İkinci Qarabağ müharibəsində o vaxtda qədər mifləşdirilən erməni ordusu Prezident İlham Əliyevin komandanlığı ilə 44 gün ərzində darmadağın edildi. Məsuliyyətsiz bəyanatları ilə gündəm yaratmaq istəyənlər qalib, qüdrətli Ordumuzun qarşısında tab gətirməyərək meydandan fərari kimi qaçdılar. Şuşanın müdafiəsini öhdəsinə götürmüş işğalçı ordunun generalı Ohanyanın savaş meydanından yoxa çıxması fikrimizin təsdiqidir və qala şəhərimizdən rüsvayçılıqla, hərbi mündirinə hörmət qoymadan tabeliyində olan əsgərləri başsız, köməksiz qoyub İrəvanda görünməsi dünya hərb tarixi üçün utanc, gülünc hadisəyə çevrildi”, - deyə deputat əlavə edib.

Vurğulanıb ki, cəbhəboyu bütün istiqamətdə qarşısıalınmaz sürətlə irəliləyən Ordumuz köçəryanlardan, sarkisyanlardan, bir sözlə, qəsbkar erməni silahlı birləşmələrindən fərqli olaraq, mülki şəxsləri hədəf götürmədi, müharibə cinayətləri törətmədi. Çünki bu ordunun Ali Baş Komandanı İlham Əliyev bütün fəaliyyəti dönəmində insanlığın keşiyində ləyaqətlə dayanıb, siyasi, hərbi Lider kimi dünya üçün nümunə olub. Silahlı Qüvvələrimiz Qarabağ savaşında gücünü sübut etməklə yanaşı, xalqımızın tarixi, nəcib ənənələrinə də sadiq qalaraq dinc əhaliyə silah tuşlamadı, hətta əsirlərlə belə humanistcə davrandı.

“2023-cü ilin payızında ərazi bütövlüyümüzün tam bərpası ilə keçirilən antiterror tədbirləri ilə qalib Azərbaycan Ordusu Xankəndini, ətraf əraziləri, eləcə də Xocalı şəhərini düşməndən azad etməklə yaramıza məlhəm oldu, əyilmiş qamətimiz düzəldi, illərlə gözümüzdən axan qanlar sevinc yaşları ilə əvəzləndi. Doğma ocağımıza soxularaq yaşayanlar hesab edirdilər ki, antiterror tədbirləri zamanı Ordumuz Xocalı qətliamına adekvat cavab verəcək. Amma unutmuşdular ki, tarixin bütün zamanlarında şərəf, ləyaqət Azərbaycan və azərbaycanlılarının prinsipi, həyat kredosu olub və bu ali xalqın komandanı, ordusu nə hərbi, nə mülki cinayət törətməz, əksinə, hər şeyə rəğmən, insanlığın keşiyində dayanar. Baş kəsmək, günahsız insanları qətlə yetirmək, terror aktları Ermənistanın dövlət ideologiyasıdır ki, bunu da Xocalıda həyata keçirdilər”, - deyən deputat sonda vurğulayıb ki, bu gün bəşəri cinayətin qurbanları, qan qardaşlarımız Xocalı şəhidlərinin ruhu şaddır. Bu qədim torpağımızda Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Dalğalandıqca bizə birliyimizin, bütövlüyümüzün, böyüklüyümüzün, azadlığımızın qürurunu, sevincini yaşadır. Tezliklə Xocalı sakinləri doğma torpaqlarına qayıdacaq və onlar buranı heç vaxt tərk etməyəcəklər! Çünki bu gün Vətən etibarlı əllərdədir. (AZƏRTAC)

Oxşar xəbərlər