08.02.2026, 06:40
AZ EN
23.12.2025, 12:26 183

Aşıq Alı irsi ilk dəfə oxuculara tam şəkildə çatdırılır

XƏBƏRLƏR
  • Görkəmli el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı “Qanun” nəşriyyatında ikinci dəfə çap olunub.

İlham Qəhrəman “Vətən səsi”nə bildirib ki, bu kitabla Aşıq Alı irsi ilk dəfədir oxuculara tam şəkildə çatdırılır. Toplunu hazırlayan və tərtib edən tanınmış şair İlham Qəhrəman qeyd edir ki, AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görən kitaba 2020-ci il nəşrindən fərqli olaraq ustadın  müxtəlif mənbələrdən əldə edilmiş 1 müxəmməs, 4 təcnis, 1 cinas gəraylı və 3 qoşmasını əlavə edib. Ümumiyyətlə, təkmilləşdirilmiş ikinci nəşrdə el arasında “Təcnis Alı” kimi tanınan sənətkarın qələminə məxsus 309 şeir toplanıb. Şeirlərin janr bölgüsü aşağıdakı kimidir: ustadnamə 25, qoşma 131 (2 qoşayarpaq qoşma), güllü qafiyyə 2, gəraylı 23, cinas gəraylı 14, ayaq təcnis 8, təcnis 54, dodaqdəyməz təcnis 7, dodaqdəyməz cığalı təcnis 3, divani 28, müxəmməs 1, qəzəl 1, qıfılbənd və bağlamalar 4.

Oxucular ikinci nəşrdə həmçinin, Aşıq Alıya məxsus və kitabına ilk dəfə daxil edilmiş qıfılbənd bayatılar və təsniflərlə də tanış olacaqlar. Nəşrdəki mətnlər aşıq şeirinin formasına uyğun ardıcıllıqla düzülməklə 15 bölmədə yer almışdır. 400 səhifədə 500 tirajla çap edilən kitab İlham Qəhrəmanın “Könül işi” adlı ön sözüylə açılır. Əldə edilən mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirmiş, cinasları yenidən əslinə uyğun qurub şərh etmişdir. Bundan başqa oxucuya əlçatan olsun deyə kitabın sonunda “Sözlük” və “Lüğət” verilib.

Qeyd edək ki, kitabın redaktoru Əsəd Cahangir, rəyçi aşığın nəslindən olan şair Telman Hüseyn, məsləhətçilər Məhərrəm Qasımlı və Aşıq Nəbi Nağıyevdir. Kitab folklorşünaslar, aspirantlar, tələbələr, orta məktəblərin ədəbiyyat müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mina RƏŞİD

Oxşar xəbərlər