Universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub. Bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nın beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.
Akkreditasiya çərçivəsində “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nın imtahanlarından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar. Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
ACCA akkreditasiyası Qarabağ Universitetinin beynəlxalq ali təhsil məkanına inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrimiz üçün qlobal tanınma, geniş karyera imkanları və beynəlxalq maliyyə institutlarında çalışma perspektivləri yaradır.
Qeyd edək ki, Qarabağ Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün qlobal imkanların açılması istiqamətində fəaliyyətlərə xüsusi önəm verilir. (AZƏRTAC)