Konfransların keçirilməsi, tədbirlərdəki ab-hava ilə əlaqədar layihənin rəhbəri, Azadlıq Hərakatçıları İctimai Birliyinin sədri, yazıçı-publisist Təhmasib Novruzovun fikirlərini oxucularımıza təqdim edirik.
- Layihə çərçivəsində reallaşdırdığımız konfranslar gözlədiyimizdən də yüksək əhval-ruhiyyə ilə keçdi. İlk konfransımızı Azərbaycan Dövlət Pedaqoji Universitetində, sonra Mingəçevir və Gəncə Dövlət Universitetlərində, sonuncu Konfransı isə Azərbaycan Universitetində keçirdik. Tam səmimiyyətimlə deyirəm, bütün konfranslar yüksək əhval-ruhiyyə, tələbə-gənclərin böyük çoşqusu ilə müşayiət edildi. Tədbirə dəvət edilmiş şəhid anaları, qazilər zala daxil olanda bütün tələbələrin ayağa qalxıb “şəhidlər ölməz, Vətən bölünməz” şüarını birlikdə səsləndirməsi, tələbələrin öz Vətən müharibəsi qəhramanlarına, şəhidlərə, ordumuza həsr etdikləri şerlər söyləmələri, çöxışlarında hiss edilən daxili Vətən sevgisi bizi gerçəkdən çox təsirləndirirdi. Şəhid, Şuşa fatehlərindən olan Ağacan Mütəllimzadənin anası Nailə xanımın “oğlum Vətəni məndən də çox sevirdi, ona görə hərdən Vətənə qarşı içimdə bir qısqanclıq hiss edirdim” ifadəsi isə bütün tədbir iştrakçılarının gözlərini doldurdu.Bütün bunlar və demədiyim saysız-hesabsız digər məqamlar bizi çox təsirləndirdi.Gənclərin saatlarla auditoriyalarda mühazirələr dinlədikdən sonra, yorğun olmalarına baxmayaraq tədbirlərə böyük həvəslə qatılmalarının özü onlarda Vətən sevgisinin bariz göstəricisidir. Şəhid ailələrinin nümayəndələrinin, Vətən müharibəsi qazilərinin çıxışlarına nə qədər diqqətlə, maraqla qulaq asırdılar. Bu faktın özü gənclərimizin Vətən sevgisindən, Vətən naminə canlarını sipər etmiş qəhramanlarımıza içlərində yaşatdıqları duyğularından xəbər verirdi. Konfranslarda həm universitetlərin rəhbərləri, müəllimləri, tələbələr, həm də şəhid ailələri nümayəndələri, qazilər bütün çıxışlarında Vətənə, dövlətə və millətə sonsuz məhəbbət hisslərini ortaya qoyurdular. Ulu Öndər Heydər Əliyevin qoyduğu əzəmətli təməl üzərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı alternativsiz siyasətin nəticəsi olaraq ordumuzun bu qələbəsini son 300 illik tariximizin ən möhtəşəm hadisəsi adlandıran bütün çıxışçıların hər kəsi dövlətimizin və əvəzolunmaz liderimizin ətrafında sıx birləşməyə çağırdıqlarını da xüsusi qeyd etmək istərdim. Bir sözlə, bu konfransların nəticəsi olaraq fəxrlə deyə bilərik ki, Azərbaycan xalqı, xüsusilə gələcəyimiz olan gənc nəsil xaricdən məqsədli şəkildə təşkil olunan bütün təbliğatlara baxmayaraq Vətənini, dövlətini qorumağa hər zaman hazırdırlar və onları bu müqəddəs, şərəfli yoldan heç bir qüvvə yayındıra bilməz. Məncə konfranslarımızın ən böyük əhəmiyyəti də elə bundan ibarətdir.