19.12.2024, 10:25
AZ EN
04.03.2023, 14:54 422

Hərbi ekspert: Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngidir

XƏBƏRLƏR
  • Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın qarşılaşdığı ən böyük problemlərdən biri ərazilərimizin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarətdir. Son otuz ay ərzində 300 nəfərdən çox Azərbaycan vətəndaşı minalardan yaralanıb və ya həyatını itirib. Bu, Azərbaycanın Ermənistanın işğalına görə hazırda dünyada ən çox mina ilə çirklənmiş ölkələr sırasında olduğunu sübut edir. Bu prosesləri Prezident İlham Əliyev demək olar ki, bütün çıxışlarında səsləndirib və dünya ictimaiyyətini də bu problemin həlli istiqamətində addımlar atmağa dəvət edir.

Bu fikirləri Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki Prezident İlham Əliyevin çıxışını şərh edən hərbi ekspert Ədalət Verdiyev söyləyib.

“Minalar və partlamamış sursatlar Azərbaycan əhalisinin doğma yurd-yuvalarına qayıdışını əngəlləyir. Azərbaycan ərazilərinin təmizlənməsi üçün illərlə vaxt və milyardlarla dollara yaxın vəsait lazım olduğu mütəxəssislər tərəfindən də səsləndirilib. Bu vəsaitləri Ermənistan dövləti ödəməlidir. Çünki bu fəaliyyətlər birmənalı olaraq işğal dövründə Ermənistan tərəfindən həyata keçirilib”.

Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə görür. Ölkə üçün humanitar minatəmizləmənin böyük əhəmiyyətini nəzərə alaraq, Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyənləşdirilməsini nəzərdən keçirir. Prezident İlham Əliyev mina təmizləməni Azərbaycanın inkişafı, ərazilərin yenidənqurma və keçmiş məcburi köçkünlərin geri dönmə proseslərini ləngitdiyini bildirib. Bu məqsədlə də dövlətimizin başçısı mina təmizləmə fəaliyyətlərini 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü irəli sürüb və Qoşulmama Hərəkatına üzv olan ölkələri bunu dəstəkləməyə dəvət edib. Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti bu problemi qlobal miqyasda dünyaya çatdırmaq üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib: “Hesab edirəm ki, bu təşəbbüs də Qoşulmama Hərəkatı tərəfindən müsbət qarşılanacaq. Nəticə etibarilə belə təşəbbüsün qəbul edilməsi gələcəkdə ərazilərimizin daha sürətli şəkildə minalardan təmizlənməsi üçün münbit şərait yaradacaq”, - deyə hərbi ekspert vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər