08.02.2026, 18:42
AZ EN
10.12.2025, 10:07 272

Bu gün şəhid Emil Qurbanovun doğum günüdür

XƏBƏRLƏR
  • Emilin atası hərbçi idi, o Birinci Qarabağ Müharibəsində tank komandiri  olmuşdu. Emil ailədə 3 övladdan biri idi. İdmanla məşğul olurdu. Ən böyük arzusu hərbçi olmaq idi. Orta məktəbdə deyərdi ki, mən idmançı və hərbçi olacağam. Allah eləsin, müharibə başlasın, gedib torpaqlarımız uğrunda döyüşmək və düşməndən qisas almaq bizim payımıza düşsün. Emil arzusuna çatdı, torpaqlarımızın azadlığı uğrunda döyüşdü və Vətənin böyük Zəfərində adını qızıl hərflərlə tarixə yazdırdı. İndi Emil haqqında danışanlar deyirlər ki, övladlarımıza daha ata-babamızın yox, Emil kimi igid oğullarımızın adını qoymaq lazımdı...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Emil Rafael oğlu Qurbanovun doğum günüdür. O, 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Naxçıvan rayonunda N saylı hərbi hissənin kəşfiyyat taborunda snayperçi kimi Vətənə xidmət edib. 2019-cu ildə həqiqi hərbi xidmətini başa vurub.

E.Qurbanov 2020-ci ilin avqust ayında N saylı hərbi hissədə XTQ bölməsində yenidən Vətənə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-si Vətən müharibəsinə könüllü olaraq yollanıb. O, Suqovuşan və Murovdağ istiqamətlərində gedən qanlı döyüşlərdə mərdliklə vuruşub. İgid döyüşçü “Mübariz postu” daxil olmaqla 22 postun azad edilməsində şücaətlər göstərib. Düşmənin 50-dən çox canlı qüvvəsini snayperle məhv edib.

Emil Rafael oğlu Qurbanov oktyabrın 10-da Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə",  "Kəlbəcərin azad olunmasına görə" və " Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər