Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Sevinc Əhmədova, müəllimlər və şagirdlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılmış Uşaq Səfirlər Məclisi haqqında danışmış, eyni zamanda Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər tariximiz barədə şagirdlərə ətraflı məlumat vermişdir.
Daha sonra Uşaq Səfirimizin təqdimatı ilə tədbir davam edib, öncə Vətən müharibəsində canından keçmiş Şəhidlərimizə həsr olunmuş videorolik nümayiş olunmuş, ardınca Sevinc Əhmədovanın çıxışı təqdim olunmuşdur. Sevinc Əhmədova layihənin məqsədi barədə danışaraq bildirmişdir ki, bu gün hər birimiz qalib xalqın vətəndaşıyıq. Hər birimiz keçmişimizi şanlı zəfər tariximizi qoruyub, hörmət edib və gələcək nəsillərə bunu təbliğ etməliyik. Unutmamalıyıq ki, vətən torpağının azad olunması yolunda canından keçmiş hər bir şəhid, hər bir qazi bir tarixdir, bir əfsanədir, bir həyat hekayəsidir. Hər birimiz bu yolda canını fəda edənlərin həyat hekayələrini bilməli, öyrənməli və bunu təbliğ edib əhatə dairəsini genişləndirməliyik. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz qalib ölkənin qalib vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.
Tədbir uşaqların qarşılıqlı müzakirəsi ilə davam edib.
Hazırladı: Mina RƏŞİD