Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Şəhriyar Vidadi oğlu Həbibinin anım günüdür. O, 1993-cü il yanvarın 19-da Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. Kənddə orta məktəbdə oxuyub. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. O, 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib.
Şəhriyar Həbibi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın son günlərində Qubadlı döyüşlərində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz noyabrın 6-da böyük izdiham və ehtiramla doğma Lənkəranda torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şəhriyar Həbibi ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Şəhriyar balamız!
Mina RƏŞİD