14 yaşında Qarabağdan çıxan Fəxrəddin Manafov Xankəndinə gedərkən İTV-“Xəbər”ə açıqlamasında bildirib ki, söz acizdir, bu hisləri ifadə etmək mümkün deyil. Amma yalnız bu oyun deyil, ümumiyyətlə, “Qarabağ” komandası ilə bağlı nə varsa, hamısı böyük əhəmiyyət daşıyır. Bunun həyati önəmi var bizim üçün. Şuşada olmuşam, dəfələrlə gedib gəlmişəm: “Amma Xankəndində belə bir möhtəşəm gündə olmaq, yəqin ki, hər kəsin həyatında olmur. Mənim üçün belə bir gün yaşamaq, tək mənim üçün deyil, əlbəttə ki, bütün azərbaycanlılar üçün, bütün xalqımız üçün böyük xoşbəxtlikdir, böyük sevincdir və bilavasitə orda doğulduğuma görə mənim üçün ikiqat sevincdir, qürurdur. İndi mən gedib Xankəndində, stadionda mənim sevdiyim zamanında çox bağlı olduğum “Qarabağ” futbol komandası ilə mənim qardaşım, dostum Qurban Qurbanovla da görüşəcəyik. Yəni bu qürurverici hisləri dilə gətirmək çox çətindir. Amma möhtəşəm bir gündür və mən bunu qeyd etməliyəm, Allah rəhmət eləsin bizim şəhidlərimizə, qazilərimizə cansağlığı versin. Allah bizim cənab Prezidentimizi zaman-zaman Azərbaycan dövlətinin başında görməyi nəsib etsin. Çünki o İnsanın bu günlər ərzində, aylar ərzində elədiyini biz onilliklərlə gözləyirdik, O isə bunu qısa zamanda bizə bəxş elədi.
Hazırladı: Tahirə AĞAMİRZƏ