18.01.2026, 10:00
AZ EN
16.01.2026, 15:41 245

“İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun reallaşdırdığı “İrəvanda xal qalmadı” – kitabla və üç dildə e-kitabla daxili və xarici platformalarda təbliğat” layihəsi çərçivəsində nəşr edilən “İrəvanda xal qalmadı” kitabının təqdimat mərasimi olub.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Azərbaycanın keçdiyi mürəkkəb tarixi yoldan danışaraq, Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi kimi tarixi prosesə toxunub. O, bu həqiqətlərin cəmiyyətə, xüsusilə gənc nəslə düzgün və faktlara əsaslanan şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

ADAU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəsi Zəfər Qurbanov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkəmizin yeni siyasi reallıqlar mərhələsinə qədəm qoyduğunu göstərir. Bu tarixi nailiyyət yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda, uzun illər boyunca pozulmuş tarixi ədalətin bərpasının təntənəsidir. Qərbi Azərbaycana qayıdış ideyası milli dövlətçilik konsepsiyasının mühüm tərkib hissəsi olmaqla, xalqımızın tarixi yaddaşına, mədəni irsinə və milli kimliyinə söykənən strateji bir xəttdir. Bu ideya azərbaycanlıların əsrlər boyu yaşadıqları torpaqlarla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə ardıcıl və sistemli şəkildə çatdırılmasını zəruri edir.

“İrəvanda xal qalmadı” kitabı Qərbi Azərbaycan həqiqətlərinin elmi-faktoloji əsaslarla, obyektiv və ardıcıl şəkildə təqdim olunmasına xidmət edən mühüm mənbədir. Bu kimi nəşrlər tarixi saxtalaşdırmalara qarşı ideoloji mübarizədə, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və milli maraqlarının beynəlxalq informasiya məkanında layiqincə təbliğində xüsusi əhəmiyyət kəsb edir.

Təqdimatda çıxış edən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Qərbi Azərbaycanın təkcə coğrafi məkan deyil, xalqımızın əsrlər boyu formalaşmış mədəni, tarixi və mənəvi irsi olduğunu bildirib. O qeyd edib ki, kitabda yer alan faktlar Azərbaycan xalqına qarşı aparılmış sistemli deportasiya və etnik təmizləmə siyasətinin mahiyyətini ortaya qoymaqla yanaşı, tarixi həqiqətlərin saxtalaşdırılmasına qarşı mühüm ideoloji baza yaradır.

Daha sonra çıxış edən tanınmış yazıçı və jurnalist, kitabın müəllifi Varis Yolçuyev layihə çərçivəsində kitabın Azərbaycan, ingilis və rus dillərində e-kitab formatında hazırlanaraq daxili və xarici platformalarda yayımlandığını qeyd edib. Müəllif bildirib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətləri daha geniş auditoriyaya çatdırmaqdır.

Sonda “İrəvanda xal qalmadı” kitabı müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər