O, 1993-cü il oktyabrın 12-də Lerik rayonunun Çökərə kəndində anadan olub. Bir qardaşı və bir bacısı var. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib.
2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirib. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlib. 2020-ci ildə onların hərbi hissəsinin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibəti ilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Əhədov Tural Rahil oğlu general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman" la təltif olunub. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilib.
2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılıb, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ata-qut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib, çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə alınıb. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edib.
Adını göstərdiyi şücaətlərlə tarixə yazan baş leytenant Tural Əhədov 2020-ci il noyabrın 8-də Şuşa istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulub, boya-başa çatdığı Lerik rayonunun Çökərə kəndində böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Tural Əhədov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə"və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!
Mina RƏŞİD