Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rəvan Məzahir oğlu Daşdəmirovun anım günüdü. O, 6 mart 1994-cu ildə Gəncə şəhərində anadan olub. 2000-2011-ci illərdə Gəncə şəhər 11 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin "İnfomasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsil alıb.
Rəvan Daşdəmirov 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlananda Rəvan Daşdəmirov da səfərbər olunmuş, həmin ilin sentyabr ayında hərbi təlim toplantılarına çağırılmışdı.
Azərbaycan Ordusunun əsgəri olan Rəvan Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib.
Rəvan Daşdəmirov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 2 gün sonra, oktyabrın 29-da Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəvan Daşdəmirov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD