Quzanlı Muğam Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən, şəhid Toğrul Məmmədovun şərəfli ömür və döyüş yolundan ətarflı söhbət açıblar. Bildirilib ki, Məmmədov Toğrul Səyyad oğlu 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 2005-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Toğrul mühəndis istehkam ixtisasını seçib. Hərbi təhsilini uğurla başa vurduqdan sonra Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülüb. Hər zaman ön cəbhədə düşmənlə üz-üzə xidmət edən Toğrul öz sahəsi üzrə Azərbaycan Ordusunun ən peşəkar zabitlərindən biri olub və çoxsaylı döyüş əməliyyatlarının yerinə yetirilməsində, o cümlədən 2016-cı il Aprel döyüşlərində və 2014-cü ildə Ağdam döyüşlərində iştirak edib. Yaralı olmasına baxmayaraq, bunu gizlədib və döyüşlərdə sona qədər mübarizə aparıb. Həmin döyüşlərdə bir çox silaahdaşı, o cümlədən briqada komandiri Rafiq Orucov və dostu Nəcməddin Savalanov şəhid olub. Nəcməddin Savalanovun dəfnində qisas andı içən Toğrul Məmmədov bir neçə ay sonra düşməndən silahdaşlarının qisasını alıb. Döyüş yoldaşları ona “Şir ürəki Toğrul” adı veriblər.O, yenicə kapitan rütbəsinin sevincini yaşasa da, lakin o rütbəni daşımaq igidimizə qismət olmur. Toğrul Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Nəşi Babək rayonunun Şıxmahmud kəndinə gətirlərək böyük ehtiram və izdihamla torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Toğrul Məmmədov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə üçüncü dərəcəli “Medal”la təltif edilib.
Çıxışlarda xalqımızın şəhidlərimizə hər zaman yüksək etimadın göstərildiyi vurğulanıb. Dövlət başçısı tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin, onların ailə üzvlərinin və qazilərimizin sosial qayğılarının daim diqqət mərkəzində saxlanıldığı diqqətə çatdırılıb. Toğrul Məmmədovun dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. “Qeyrət təcəssümü” kitabının müəllifi Manya Səxavətqızı və şəhidin qardaşı Üzeyir Məmmədov kitabın ərsəyə gəlməsində əməyi olan olan şəxslərə, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini ifadə ediblər. Məktəblilər Manya Səxavətqızının Toğrul Məmmədova həsr etdiyi şeirləri söyləyiblər.Tədbirin sonunda iştirakçılara “Qeyrət təcəssümü” kitabı hədiyyə edilib.
Tahirə AĞAMİRZƏ