Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Vüqar Telman oğlu Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Avtomobilin təmiri və servisi" üzrə təhsil alıb.
Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında Ucar Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Hərbi xidməti zamanı fərqləndiyinə görə "baş əsgər " hərbi rütbəsini qazanıb.
Hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ilin yanvarından Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam etdirib. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə "kiçik gizir" hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edilib. Vüqar Ələkbərov 2018-ci ildə "gizir" hərbi rütbəsi alıb və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Füzuli istiqamətində strateji əhəmiyyətə malik olan mövqelərin azad edilməsində, o cümlədən düşmən ordusunun canlı qüvvəsinin məhv edilməsində şücaətlər göstərib.
Vüqar Ələkbərov oktyabrın 12-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Ucar rayonunun Qazyan kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Vüqar Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə"və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün qəhrəman şəhidimiz, gizir Vüqar Ələkbərovun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD