Bu üz, bu vüqarlı duruş, bu şirin baxış mənə yad deyil. Mənim şəhid balalarımın hamısı bir-birinə bənzəyir. Ayrı-ayrı evlərdə doğuldular, böyüdülər, Vətənə oğul olmaqda isə cana-can, qana-qan oldular, qanları, qanlarına qarışdı, yağını məhv etmək üçün əl-ələ tutub vuruşdu, Allahın dərganına birlikdə getdilər, alnı açıq, üzü ağ, köynəyi qızılgül rəngli, döyünən qəlbini üstündə üç rəngli bayrağını müqəddəs tutan şəhidlərim. Heç baxırsınızmı səmamızın aydınlığına? Günəşin qeyri-adi ecazkarlığına, yağışların sözlərini anlayırsınızmı... Onlar ordadılar axı... Amma hələ biz onların harada olduğunu o qədər də dərk eləmirik. Niyə, bilirsinizmi? Çünki biz onlar qədər müqəddəs deyilik..
İsgəndərov İlkin Camal oğlu 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. 2016-cı ildə Qubadlı rayon Kavdadıx kənd tam orta məktəbini bitirib. 2018-2019-cu illərdə N saylı hərbi hissədə xidmətdə olub. Qubadlını görməsə də, valideynlərinin ona danışdıqlarından müqəddəs, səfalı bir yer olduğunu xəyalında canlandırıb sevmişdi. Hələ uşaq ikən “Qubadlını mən işğaldan azad edəcəyəm” - deyirmiş. Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılıb. Çünki əmisi, də dayısı da Birinci Qarabağ müharibəsinin şəhidləri idi. İndi onların qisasının alınması zamanı çatmışdı, o isə buna tam hazır idi. Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal döyüşüb və bu qəhrəmanlığına görə cavuş rütbəsi verilib.
Oktyabrın 25-də doğma Vətəni Qubadlının işğaldan azad olduğu gün Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. İlkin İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ