Bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev Şəkidə keçirilən İƏT-ə üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası zamanı jurnalistlərə açıqlamasında deyib.
Agentliyin rəsmisi bildirib ki, 2023-cü ilin oktyabrında Bakıda təşkilata üzv ölkələrin turizm institutlarının ilk görüşü keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bəyannamə ilə turizm təhsil şəbəkəsinin əsası qoyulub. Eyni zamanda, 2024-cü ilin mayında təşkilatın üzv ölkələrinin turizm operatorlarının ilk forumu keçirilib, sənaye nümayəndələri arasında görüşlər təşkil edilib.
“Bir məsələni də qeyd etmək istəyirəm ki, 2023-cü ilin oktyabrında İran İslam Respublikasının Ərdəbil şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşündə Şuşa şəhəri 2026-cı ildə təşkilatın Turizm paytaxtı elan edilib. Artıq hökumət tərəfindən silsilə tədbirlər planı təsdiqlənib. Gələn il Şuşa şəhərində İƏT-ə üzv ölkələrin sənaye subyektlərinin, media nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda silsilə tədbirlər keçiriləcək. Ümumiyyətlə, Azərbaycan təşkilatla sıx əməkdaşlıq edir və regionun turizm potensialının üzə çıxmasına öz töhfəsini verir”,- deyə Agentliyin Aparat rəhbəri bildirib. (AZƏRTAC)