Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Şahin Şamxal oğlu Fətəliyevin doğum günüdür. O, 30 iyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olub. Onun əmisi Rahib Fətəliyev də Vətən müharibəsi şəhididir.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Şamxal oğlu Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.
Şahin Fətaliyev 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahin Fətəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun Zəhra adında bi qızı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD