22.11.2024, 01:24
AZ EN
27.01.2023, 08:40 321

Qəhrəmanlar ailəsinin leytenantı

XƏBƏRLƏR
  • Vətən uğrunda Şəhid olanları unutmur. Bu gün 44 günlük Vətən Müharibəsi qəhrəmanlarından biri, letenant şəhid Məhəmməd Zakir oğlu Məmmədovun doğum günüdür.

O, 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olub. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul edilib. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıdıb. Həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi Vətənə xidmət etməyə başlayıb.

“N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. Məhəmməd 2020-ci il oktyabrın 6-da Tərtər rayonu istiqamətində gedən qanlı savaşlarda qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 7-də  doğulduğu Alpout kəndində böyük izdiham və ehtiramla dəfn edilib.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncanları ilə “Vətən uğrunda”, "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təlltif edilib.

Leytenant M.Məmmədov Qazax rayonunun 50 şəhid oğullarından biri kimi adını şanlı Zəfər tariximizə yazdı. O, şəhadətə ucalanda 26 yaşı vardı, subay idi. Məhəmmədin qardaşı Nurlan da Vətən müharibəsində iştirak edib. Ancaq Şəhidlik onun qisməti, alın yazısı olub. Deyirlər ki, Məhəmməd Şəhid olacağını hiss edərək, bununla qürur duyduğunu da söyləmişdi...

Xalq öz Şəhidlərini unutmur. Qazax rayonunda Şəhidimizin adına bulaq inşa edilib. Bulağın açılışında rayon ictimaiyyəti iştirak edib. Məhəmmədin müəllimi Alpout kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səhlədar Hidayətoğlu şəhid şagirdinin məktəb illərindən söz açır. Deyir ki, Məhəmməd bir şagird kimi davranışı, cəsurluğu, Vətən sevgisi ilə hər zaman yaşıdlarından seçilirdi. Özü tarix-coğrafiya fakültəsini bitirməsinə baxmayaraq onda hərbçi olmaq həvəsi vardı. O, Vətəni canı qədər sevdiyi üçün onun uğrunda Şəhidlik zirvəsinə ucaldı...
Kənd ağsaqqalı Əhəd Vəliyev söyləyir ki, 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına əldə etmişik. Bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizlə təkcə doğmaları deyil, hər birimiz qürur duyur, onların müqəddəs adları ilə fəxr eirik.  

Qeyd edək ki, Məhəmmədin atası Zakir Məmmədov da Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. O, igid övladı M.Məmmədovla fəxr etdiyini söyləyərək bildirir ki, Şəhidlər torpaqlarımızı düşməndən azad edərək bizə böyük bir sevinc – Zəfər bağışladılar. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər