19.06.2025, 18:42
AZ EN
19.06.2025, 13:41 204

ADSEA: Qarabağ və ətraf rayonlarda 150 min hektardan çox sahənin su təminatı yaxşılaşdırılıb

XƏBƏRLƏR
  • Tərtər rayonunda yerləşən Suqovuşan su anbarı və 5,2 km uzunluğunda olan magistral kanal bərpa edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, anbarın ümumi su tutumu 5,86 milyon kubmetr, magistral kanalın ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetrdir: "Nəticədə Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və Ağcabədi rayonlarında 96 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılıb".

İ. Quliyev bildirib ki, Tərtərçay Sol Sahil magistral suvarma kanalı yenidən qurulub: "Kanalın uzunluğu 20 km, suburaxma gücü saniyədə 21 kubmetrdir. Onun istifadəyə verilməsi ilə Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarında 30 min hektara yaxın ərazinin su təminatı yaxşılaşdırılıb".

O əlavə edib ki, Xaçınçay su anbarı və 7 km uzunluğundakı kanal tam bərpa olunub: "Anbarın həcmi 23 milyon kubmetr, kanalın suburaxma qabiliyyəti saniyədə 4 kubmetrdir. Layihənin reallaşdırılması nəticəsində Ağdam rayonunun 7 min hektar sahəsinin su təminatı yaxşılaşdırılıb".

İ. Quliyev bildirib ki, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları (ümumi həcmi 15,5 milyon kubmetr) bərpa olunub: "Bununla da Füzuli rayonunun 6,2 min hektar sahəsində suvarma təminatı yaxşılaşdırılıb".

O həmçinin Zabuxçay su anbarı və 51,6 km-lik magistral boru kəmərinin inşa edilməsi nəticəsində Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar sahənin su təminatının təmin edildiyini diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər