07.06.2025, 01:54
AZ EN
05.06.2025, 20:10 112

Xaçmazda “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda konfrans keçirilib

XƏBƏRLƏR
  • Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik ili” ilə çərçivəsində Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

İştirakçılar Heydər Əliyev mərkəzində Dahi Şəxsiyyətin həyat və fəaliyyətinə dair foto-stendlərlə tanış olublar.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfransda giriş sözü ilə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbirin mahiyyəti barədə məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları soydaşlarımızı bu yerlərdən didərgin salıb.44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.

Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin Deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Digər çıxış edənlər Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru Misir Mərdanov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Deputatı Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin Deputatı Hikmət Məmmədov və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin Deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycana qayıdışla bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, bugünki konfrans da Qərbi Azərbaycanın tarixi, mədəni irsi və azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. (Trend)

Oxşar xəbərlər