On beş gün əvvəl ölkəmizin həyatında çox mühüm və taleyüklü bir hadisə baş verdi. Ermənistan işğalçılarının və terrorçularının İŞTAHI altında olan ərazilərimizdə şanlı Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qarabağın adları dillərdə dastan olan, şeirlərdə, nəğmələrdə vəsf olunan Qırxqız və Sarıbaba dağları və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər azad edilərək nəzarətə götürüldü. AZƏRTAC-ın yaydığı məlumatda bildirilirdi ki, həmin ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Bu günlərdə ciddi bir mənbədən həmin işlər barədə əlavə məlumatlar alarkən o yerləri yaxşı tanıyan bir adam kimi əldə edilən nailiyyətin miqyası gözlərim qarşısında bir daha canlandı. Tamamilə aydın məsələdir ki, bu son hədd deyil və işğalçı-terrorçu Ermənistan tamamilə dişsizləşdirilib Azərbaycan torpaqlarında qurulmuş “Ermənistan Respublikası” adlanan ərazinin daxilinə çəkilənə, Azərbaycanın beş bənddən ibarət sülh təkliflərini tam qəbul edib, ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyıb, işğalçılıq və terrorçuluq siyasətindən, həmçinin Azərbaycana qarşı ərazi iddialarından əl çəkib sülh sazişini imzalayana qədər bu əməliyyatlar davam edəcək və Prezident İlham Əliyevin avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi kimi “Heç kim bizi dayandıra bilməz!”
***
Sarıbaba ilə bağlı söhbətləri dinlədikcə, xəbərləri oxuduqca yadıma tez-tez düşən bir məsələni hörmətli oxucularımızla bölüşmək istəyirəm.
1998-ci ildə Ermənistana səfərim zamanı şəhərdə gəzərkən əvvəlcədən tərtib edilmiş proqrama əsasən şəhərin mərkəzindəki bazarlardan birinə getdik. Yalan-gerçək nə isə aldıq. Qayıdıb çıxanda gözüm bazarın qabağında həm qoltuq ağclarına, həm də bazarın divarına söykənib dilənən bir ayağı amputasiya olunmuş nisbətən cavan bir kişiyə sataşdı. Dayanıb bir az ona baxdım. Nədənsə ürəyimdən ona pul vermək keçdi və geri qayıdıb cibimdə olan erməni dramından neçə manatsa (onsuz da vaxt gələcək İrəvanda da Azərbaycan manatı əsas valyuta olacaq) onun irəli uzanmış ovcuna qoydum. Başımı qaldırıb üzünə baxdım. Üzündən sonsuz kədər yağır, gözündən böyük peşimançılıq oxunurdu. Bir anlıq baxışlarımız toqquşanda, dilənçinin dosaqları tərpəndi:
– Mersi…
Dilənçinin dilindən eşitdiyim və məni təəccübləndirən bu təşəkkürün cavabını ingiliscə də, rusca da verə biləcəyimi bildiyim halda, nədənsə özümü bir anlıq gələcəkdə İrəvanda erməni dilənçiyə pul verəcək azərbaycanlı kimi hiss etdim, – səmimiyyətlə deyirəm ki, bu, heç də bədbəxt vəziyyətdə olan insana yuxarıdan aşağı baxıb yekəxanalıq edən insanın hissi deyildi, daha çox gələcəkdə düşməni yenəcək və onun paytaxtına ayaq açacağına inanan şəxsin duyğusu idi, – və Azərbaycan dilində cavab verdim:
– Dəyməz! Halal xoşun olsun!..
Ovcunun içində pulu necə sıxdığını gördüm, ancaq gözlədiyimin əksinə pulu qaytarıb üstümə atmadı. Bəlkə çox vermişdim ona görə, ya başqa səbəb var idi bilmirəm…
Bu zaman bazara girib-çıxan ermənilərin diqqətini cəlb etdiyimizi görən yanımızdakı erməni jurnaslistlərdən biri qolumdan tutub, “Gəl, gedək…” deyə pıçıldadı…
Günorta şəhərin mərkəzindəki kafelərdən birində açıq havada oturub çay içəndə qolumdan tutub məni bazardan aralayan jurnalist üzümə mənalı tərzdə baxıb dedi:
– Bilirsənmi, bazarın qabağında pul verdiyin dilənçi kimdir?
– Aşot, – deyə cavab verdim
– Hansı Aşot? – erməni həmkarım təəccüblə soruşdu.
– Nalbandyan, – dedim, – Aşot Nalbandyan.
– O kimdir? – yenə təəccüblə soruşdu.
– Mənim əsgər yoldaşımdır, – dedim, – Sovet ordusunda bir yerdə xidmət etmişik. Kirovokanlıdır, – möhkəm güldüm.
– Çox oxşayır? – deyə o da mənə qoşuldu.
– Onsuz da aşotların hamısı bir-birinə oxşayır də, – yenə də zarafat elədim.
– Əlbəttə, sən zarafat edirsən, – qaş-qabağını salladı, – amma burda məsələ daha ciddidir, – dedi.
– Buyur, danış, – dedim, – eşidirəm səni.
– Hələ bazarın yanında olanda danışmaq istəyirdim, – mızıldadı, – amma qorxdum ki, başımız qarışa söhbətə, onsuz da ötüb keçənlər başlamışdılar bizə çəp-çəp baxmağa, dedim birdən nə isə olar, çalışdım ki, tez aralanaq. Buraya gələndən də istəyirəm deyəm bunu, amma içimdə erməni ilə jurnalist ciddi şəkildə tutaşıb və bir qərara gələ bilmirlər, – sözünə ara verib güldü.
İfadə mənim də xoşuma gəldiyindən gülüşünə təbəssümlə dəstək verdim. Canlandı və davam elədi:
– Sənin pul verdiyin dilənçi Ermənistan Qəhrəmanıdır! – birbaşa dedi.
– Necə yəni? – təəccüblə soruşdum.
– Necə eşitdinsə, elə, – dedi. – 1992-ci ildə sizinklilər Sarıbaba dağında möhkəm oturmuşdular. Onları oradan heç cürə endirmək olmurdu. Bizimkilər dəfələrlə hücuma keçmişdilər, hər dəfə də ciddi itkilər verib geri çəkilirdilər. Sonra hətta “vəhşilərdən” ibarət olan Ermənistan Müdafiə Nazirliyinin Ekspedisiya Korpusunu göndərdilər Sarıbabaya. Korpus üçün gözlənilməz olan faciə baş verdi. Onlar da ağır itkilər verərək geri çəkildilər…
Axırda bilirsənmi nə oldu? – söhbətini maraqlı etmək üçünmü, ya başqa bir məqsədlə ara verib üzümə baxdı.
– Nə oldu? – mən soruşdum.
– O oldu ki, həmin bax o bazarın qabağında dilənən, sənin də erməni pulu verib, Azərbaycan dilində “nuş olsun” (nəyə görəsə belə dedi) dediyin o qəhrəman oğlan 12 nəfərlə Sarıbabaya qalxdı və sizinkiləri oranı tərk etməyə məcbur elədi. Ayağının da birini orda qoyub gəldi, Sarıbabada. Elə buna görə də Levonun fərmanı ilə ona Ermənistan Qəhrəmanı adı verildi. Təsəvvür edə bilirsənmi?
– Çalışıram, ancaq edə bilmirəm, – deyə cavab verdim, – düzdür “Mersi” sözündən şübhələnmişdim ki, bu adi dilənçi deyil, ancaq 12 nəfər məsələsi sağlam məntiqə sığmır.
– Bəli, o, adi dilənçi deyil, qeyri-adi insandır, – gizlədə bilmədiyi erməni eqoizmi, daha doğrusu, yekəxanalığı hiss olunan səslə cavab verdi.
– Bu necə ola bilər axı? – inamsız ifadə ilə soruşdum. – Bir korpusun ələ keçirə bilmədiyi bir yüksəkliyi, mövqeni bir adam, – hətta super qəhrəman olsa belə, – 12 nəfərlə gedib ala bilir?
– Mən faktı deyirəm, – üz-gözünü turşutdu.
– Həmkar, – dedim, – səmimi de, bu, bayaqdan sənin içində dalaşan erməni ilə jurnalistin hansınınsa uydurması deyil ki? – özümü ciddi tutaraq yalnız gülümsədim.
– Xeyr, deyil! – bir az acıqlı dedi. – İstəyirsən inan, istəyirsən inanma, özün bilərsən. Ancaq bunu bütün Ermənistan bilir.
– Yaxşı, elədirsə, yəni sənin dediklərin düzdürsə, onda qəhrəman niyə dilənir bazarın qabağında? Yəni buna görə də şübhə yaranır…
– Bax onu məndən yox, – tələsik sözümü kəsdi, – bir az əvvəl görüşünə getdiyiniz p…. Köçəryandan soruşmaq lazım idi. O, bütün müharibə qəhrəmanlarını dilənçi kökünə salıb, rəzil gününə qoyub. Hələ mən qorxuram ki, getdikcə bundan qat-qat pis olsun…
– Allahın köməyi ilə, – deyə bu dəfə özümə əziyyət vermədim və güldüm.
– Sən düz demirsən, – dedi, – Allah bizim tərəfimizdə olacaq, Köçəryanın yox.
– Əslində mən yox, sən düz demirsən, – sakitcə dedim, – indi burada səninlə uşaq kimi mübahisə etmək istəmirəm, ancaq hər halda demək istəyirəm ki, Allah sizin tərəfinizdə olmayacaq, Allah haqqın və ədalətin tərəfində olacaq. Gün gələcək yenə də Allahın köməyi ilə sizi təkcə Sarıbabadan deyil, o cümlədən Sarıbabadan da vurub çıxardacağıq. Bax onda nəhayət başa düşəcəksiniz ki, sizin ən böyük probleminiz qonşunun torpağına göz dikməyinizdi. Ancaq, sənin sözün olmasın, mən də qorxuram ki, siz bunu başa düşəndə çox gec olsun və düzəldilməsi mümkün olmayan nəticələrlə üz-üzə qalasınız. Sən bir jurnalist kimi içindəki erməniyə və siz hamınız da ölkənizdəki ermənilərə deməlisiniz ki, nə qədər gec deyil, Sarıbabadan da, işğal olunmuş bütün Azərbaycan torpaqlarından da çıxmaq lazımdır. Yoxsa bir gün bunu Azərbaycan ordusu mütləq edəcək!
…O gün gəldi və Azərbaycan Ordusu Sarıbabanı da azad etdi…
Hələlik Ermənistan işğalçı-terrorçularının İŞTAHI altında olan bütün qalan yerləri də edəcək!
Laçın kimi, Zabux kimi, Sus kimi….
Kərim Kərimli
18.08.2022.