08.09.2024, 07:59
AZ EN
30.09.2022, 12:50 159

Laçınlılar doğma yurdda

XƏBƏRLƏR
  • İctimai televiziyanın “Bir gün Laçın: kəndlər, yaylaqlar, insanlar”  sənədli filmdə təsərrüfatlarını Laçına köçürən keçmiş məcburi köçkünlər sevinc və kədərlərini  ifadə ediblər.

Ermənilər  Laçını işğal edəndə onlar öz doğma yurd-yuvalarından didərgin düşür və hər şeylərini itirirlər. Aradan 30 ilə yaxın bir zaman keçir. Amma bu zaman çərçivəsində doğma torpağa bağlı olan insanları yurdsuz-yuvasız qalmalarından daha çox Vətəndən didərgin düşmələri yandırıb-yaxır. 30 ilin həsrətinə, ağrı-acılarına ona görə sinə gəriblər və inanıblar ki, bir gün mütləq öz dədə-baba yurdlarına qayıdacaqlar.

Onların bir neçəsi indi sevinclərini hamı ilə bölüşürlər.

Səhər Həsənova:

-Hamı bilir, biz doğma ev-eşiyimizdən nə zülmlərlə çxmışıq. Evləri tökülü, bostanı əkili qoyduq, çəpəri də çəkili qoyduq. İndi gəldik gördük ki, hər şey talan olub, yurdumuz viran olub, salamat bir şey qalmayıb. O vaxt getdiyim dağları, yamacları  indi gəzə bilmirəm, qıçım tutulub, o gənc ömrümüzü erməni bizdən alıb aparıb. Bu dağların döşündə o qədər qoyun-quzu otarmışıq ki. İndi baxıram, heç kollar da yerində deyil, bunları da yandırıblar. Bu dağlarla bağlı çoxlu xatirələrim var, elə bir  gün olmayıb ki, o qayğısız xatirələrimi yada salmayım.

Sənani Əhmədov:

-İlk dəfə bura gedəndə adam o  qədər həyacanlanır ki, bunu sözlə ifadə etmək mümkün deyil.  Sevinclə kədərimiz bir-birinə qarışır. 30 ildən sonra doğma kəndimizə qayıtmağımız, əlbəttə ki,  bizi çox sevindirir. Evlərin yerini bilirəm, bilirəm ki, hansı ev kimin evidi, hansı bizim qonşuların evidi. Üç gün, üç gecə hamı yığılardı  bir yerə, nəinki, qohum-əqraba, kənd camaatı, hətta Laçının özündən, bura gələr, xeyir işlərimizdə iştirak edərdilər.

Səyyaf Abdullayev:

-Buranın məhsulu təkcə Azərbaycanda yox, dünyada  olmayan bir məhsuldur ki, Laçın rayonunun iqlimi, şəraiti bizim arıçılıq təsərürüfatına gözəl imkanlar yaradır. Dünyada olmayan güllərin, çiçəklərin növləri bizim torpaqlarımızda var.

Bizim qədimdən əsas məşğuliyyətimiz heyvandarlıq olub, təsərrüfatçılıq olub.  Ona görə də biz məcburi köçkün olduğumuz illərdə 30 ilə yaxındır ki, Ağcabədi rayonunda yaşayırdıq, orda da sağ olsunlar, bizə həmişə torpaq sahəsi ayırdılar, heyvanlarımızı saxladıq. İndi doğma kəndimiz işğaldan azad olunandan sonra təsərrrüfatımızı, heyvanlarımızı Karakeçdi yaylağına gətirmişik.

Mənzər Cəlilova:

-Ayağım yalın idi,

dikənin qalın idi,

istəyirdim Vətənə gələm,

öz ana torpağımı ziyarət eləyəm

Cəlladım çox zalım idi.

Dağbəyi Nəsirov:

-Qarakeçdi kəndində anadan olmuşam. Mənim 12 yaşım olanda ailəmiz erməni işğalı nəticəsində kəndimizi tərk eləyib. 12 yaşımdan sonra demək olar ki, uşaqlığma qayıda bilmədim. Uşaqlıq illərimizin üzərinə qan çiləndi. Biz dərd, həsrət çəkə-çəkə bir də baxdıq ki, böyümüşük. Bəlkə də, bura gələndə necə deyim, uşaqlaşmağımız, daha çox kövrəlməyimiz ondan irəli gəlir. İlk dəfə bura gələndə mən iki, üç gün elə bilirdim ki, yuxudayam, yuxu görürəm. İnanmırdım ki, öz doğma kəndimdəyəm. İndi burda o məsum uşaqlıq illərimi xatırlayıram.

Azərbaycanın hər yeri gözəldi, bura daha çox zəngindir. 25 ildən çoxdur arıçılıq təsərrüfatı yaratmışam.  İki ildir mən öz təsərrüfatımı  Laçına gətirmişəm 580 yaxın arı ailəsi gətirmişəm. Şükür Alllaha, burada yüzdən çox bal verən bitki var.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik.

Xanəstan Həsənov:

-Mən kənddən çıxanda 12 yaşım var idi. Bu gün 44 yaşımda bura qayıtmışam. Uşaq vaxtı atamın mənə təsvir etdikləri, öz ağlımda qalanların həsrəti ilə yaşamışam uzun illər boyunca. Burada təsərrüfatımız heyvandarlıqdı. Düzdür, çətiliklərimiz var, amma burda yaşamaq adama o qədər xoşdur ki, heç bir çətinlik bizi narahat etmir, əksinə, bu çətinliklər bizi torpağa daha çox  bağlayır. Axı, biz torpaq adamıyıq.

Qoşqar Əhmədov:

-İdarənin qapısı deyilən yerdən kəndimizin bir hissəsi ilə keçdik. O avad kəndimizi erməni vandallarının xarabalığa çevirdiyini görəndə adamın az qalır ürəyi dayansın. Bir də ki, o nəhəng kişiləri görmürük. Onların əksəriyyəti torpaq həsrəti çəkə-çəkə  dünyalarını dəyişdi.  Ölüm Allahdan gəlir, qaçmaq olmaz, burda olsa idilər, bəlkə də yaşayardılar. Çünki burda 90, 100 yaş yaşayan o kişiləri burda görmədik. İnanın ki, binalarımızı, məktəbimizi, bulağımızı, ümumiyyyətlə, hər şeyi talayıblar. Bir də o ağsaqqal kişilərin bu gün burda olmamaları məni ağrıdır. Dünyada olmayan otlar, çiçəklər, min dərdə dəva olan bitkilər burda var. Dünyada bundan gözəl sevinc hissi ola bilməz ki, doğulduğun torpağına qayıdasan.

Xanlar Səfərov:

-Bura mənim doğma kəndimdi, axırıncı dəfə  1993-cü ilin fevral ayında çıxmışam. 93-cü ildə burda döyüşlərdə olmuşam Birinci Qarabağ müharibəsi veteranıyam.. Bu yaz təsərrüfatımı da götürüb ailəmlə öz doğma kəndimə gəlmişəm. Kəndimizi belə uçulub, dağıdılmış, talan olmuş görəndə mənə çox pis təsir elədi. Qəbirlərimizi dağıdıblar, sındırıblar. Günbəzin içində bitən qızılgül kolunun o vaxtdan  kökü də çürüyübmüş, ağacı da quruyubmuş, amma Laçın işğaldan azad olunandan sonra təzədən o pöhrə verib, məzarlıqda təzədən qızılgül açıb. Deməli, ölənlərimizin də ruhu şad olubdur ki, biz yenidən bura qayıtmışıq.

Kəndimizdə ən gözəl adət-ənənlərindən biri də camaatımızın hamılıqla bir yerə yığılması idi. Bizim gözəl adət-ənənlərimiz vardı, toylarımız maraqlı, məclislərimiz şən keçərdi. Ağsaqqala, ağbirçəyə hörmət-izzət vardı. Ağsaqqal gələndə cavanlar əllərini cibinə belə qoya bilmirdi ki, böyüyümüz, ağsaqqalımız gəlir. Gözəl adət-ənənlərimizi qoruyub saxlayırdıq, hamı bir-birinə qarşı səmimi, mehriban idi. Kənddə hansımızınsa çətinliyi olanda kəndin hörmətli adamları onu həll edirdilər, qoymazdılar ki, kimsə darda qalsın. Hamı bir-birinə kömək dururdu. İndi burda o illərlə bağlı xatirələrimiz bizi kövrəldir. Sevinirik, şükür edirik ki, yenidən doğma torpağımıza qayıtmışıq, qəbistanlığmızı ziyarət edə bilirik.

Biz bu  sevinci, bu xoşbəxtliyi bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər