19.03.2025, 03:55
AZ EN
13.03.2025, 09:53 173

Bu gün qəhrəman şəhidimiz mayor Rəşad Budaqovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsinin unudulmaz qəhrəmanları, şəhidləri barədə qalaq-qalaq əsərlər yazılmalıdır. Onların şücaəti, döyüş meydanında göstərdikləri hünərləri barədə nə qədər danışılsa, yazılsa yenə də azdır. Bu tarix unudulmamalı, gənc nəsillərə miras qoyulmalıdır. Bu tarixin yazılmasında iştirak edən, Vətəninə layiqli xidmət göstərən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizdən biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.

Əslən Cəbrayıl rayonundan olan Rəşad Budaqov Yevlax şəhərində anadan olub. 34 yaşlı şəhidimiz ailəli idi, 2 qız övladı Vətənə əmanət qalıb.

2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.

Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmət edən mayor Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmətə başlayıb.

Azərbaycanın bir çox bölgələrində xidmət aparan R.Budaqov əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb.

Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışıb.

Onu tanıyanların sözlərinə görə, şəhid mayor çox mərd insan olub. 2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb.

İkinci Qarabağ müharibəsi başlayandan ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.

Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, R.Budaqov yenidən döyüşlərə qatılıb.

İgid döyüşçü Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 30 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Mayor Rəşad Budaqov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər