Üç il idi müəllim işləsə də təhsilini artırmaq istəyirdi...
Elxan Rzayev 1994-cü il aprelin 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub.Qəzli kənd tam orta məktəbində və Bakı Dövlət Kompüter Kollecində təhsil alıb. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, İkinci Qarabağ savaşının başlanması onun yolunu universitet auditoriyasından deyil, cəbhədən salıb.
Elxan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci il noyabrın 1-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qəhrəmanımızın atası Ariz Rzayev deyir ki, Elxan qonşu kənddə dörd il idi ki, müəllim işləyirdi. Vətən Müharibəsinin başlanması ilə əlaqədar sentyabrın 29-da ordu sıralarına çağırılıb: "Elə həmin gün dərsi vardı. Müəllim kostyumunu dəyişib, hərbi formasını geyinib bu dəfə düşmənin dərsini verməyə yollandı. Cəbrayılda yaralanmasını bizə bildirmədi. Sağalıb yenidən döyüşlərə qatılıb. Onun üçün Vətən hər şeydən öncə idi. Ona görə də nə evin tək oğul övladı, nə də nişanlı olduğunu düşündü. Düşündüyü bircə şey vardı: Vətən torpağı düşməndən təmizlənməlidir. Əsgər yoldaşları deyirdi ki, çox qürurlu, qorxusuz, vətəncanlı idi. Mən oğlumla fəxr edirəm”.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elxan Rzayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ