Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə Milli Məclisin deputatları - Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, həmçinin Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.
Çıxışlar zamanı “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda şəhid anaları da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara təşəkkürlərini ifadə ediblər.
Şəhidlərin xatirəsinə həsr edilən tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Sevinc Sarıyeva və gənc xanəndə Yusif Cəfərbəylinin vətənpərvər ruhlu ifalarından ibarət bədii hissə ilə davam edib.
Tahirə AĞAMİRZƏ